Avqustun 22-23-də Rusiyanın Sankt-Peterburq şəhərində ilk dəfə olaraq MDB ölkələrinin kino layihələrinin pitçinqi keçiriləcək.

Pitçinq “Lendok” Kinostudiyasının 90 illik yubileyinə həsr olunmuş MDB ölkələrinin birgə kino istehsalına dair konfrans çərçivəsində təşkil olunacaq. Konfransda MDB ölkələrinin kinostudiyaların və kino xadimlərinin iştirakı nəzərdə tutulur.

Pitçinqdə iştirak ödənişsizdir. Müsabiqədə MDB ölkələrindən olan kinematoqrafçılar (fiziki və hüquqi şəxslər) iştirak edə bilərlər. Layihələr tammetrajlı bədii film (xronometraj 70-90 dəqiqə), onlayn platformalar üçün bədii serial, tammetrajlı sənədli film (xronometraj 50-90 dəqiqə) və animasiya filmi (animasiya serialı və ya tammetrajlı animasiya filmi) kateqoriyalar üzrə qiymətləndiriləcək.

Layihənin “Birgə istehsal” kimi qəbul edilməsi üçün büdcənin ən azı 20 faizinin müştərək, habelə filmin müəlliflərinin bir hissəsinin digər MDB ölkələrindən olması vacibdir.

Müraciətlər 2022-ci il mayın 16-dan iyulun 20-dək script.moviestart.ru platforması vasitəsilə aparılır.

V.Kamal