Mayın 17-də Mədəniyyət Nazirliyinin “Yeni adlar” layihəsi çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında növbəti musiqi axşamı keçirildi.

Tamaşaçılar arasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Anar Kərimov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, mədəniyyət və incəsənət xadimləri vardı.

Mədəniyyət Nazirliyinin “Mədəni gənclik” layihəsi üzrə Bakı Dövlət Universitetinin (BDU) tələbələri də konserti izləməyə gəlmişdilər. “Yeni adlar”ın budəfəki istedadları respublika və beynəlxalq müsabiqələr laureatları Əziz Pənah (qoboy) və Nərmin Nəcəfli (piano) idi. Musiqiçiləri Bakı Kamera Orkestri (dirijor – Əməkdar artist Fuad İbrahimov) müşayiət edirdi.

Konsert proqramından əvvəl çıxış edən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Musiqi tarixi kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Minaxanım Babayeva “Yeni adlar” və “Mədəni gənclik” layihələri haqqında məlumat verdi. Bildirdi ki, hər iki layihənin məqsədi gənclərimizin mədəniyyətə olan marağını, yüksək mənəvi zənginliyini artırmaqdır: “Respublikamızda və onun hüdudlarından kənarda fəaliyyət göstərən, təhsil alan, uşaq yaşlarından bəri musiqi sənətinin sirlərinə yiyələn gənclər “Yeni adlar” layihəsinə cəlb edilirlər. “Mədəni gənclik” layihəsinin məqsədi isə məhz Azərbaycan mədəniyyətinin, incəsənətinin zənginliyini respublikamızın ali təhsil ocaqlarında oxuyan tələbələrə aşılamaqdır”.

Sonra konsert proqramı təqdim edildi. Proqramda F.Mendelsonun 10 nömrəli simli simfoniyası, D.Çimarozanın “Qoboy və orkestr üçün konsert”i və F.Şopenin “Fortepiano və orkestr üçün 1 nömrəli konsert”i səsləndi. Orkestrin və gənc musiqiçilərin ahəngdar çıxışları tamaşaçılar tərəfindən gur alqışlarla qarşılandı.

***

Əziz Pənah 2002-ci ildə Bakıda anadan olub. 2019-cu ildə Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbini qoboy sinfi üzrə bitirib. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil alıb. 2018-ci ildə Gürcüstanda keçirilən Y.Mikeladze adına orkestr alətləri üzrə gənc ifaçıların III Beynəlxalq müsabiqəsində Qran-pri mükafatına layiq görülüb. Həmin il Türkiyədə keçirilən “Harmoniya” VII Beynəlxalq müsabiqəsində, Litvada təşkil olunan “Dünya harmoniyası” II Beynəlxalq müsabiqəsində, eləcə də 2019-cu ildə Bakıda keçirilən “Dünya harmoniyası” beynəlxalq müsabiqələrində Qran-pri mükafatını qazanıb. 2020-ci ildə İslam dünyası gənc klassik musiqi ifaçılarının IX Beynəlxalq müsabiqəsinin, həmin ildə İspaniyanın Barselona şəhərində keçirilən “Rus Alboradası” V Beynəlxalq müsabiqəsinin də baş mükafatını qazanıb.

Ə.Pənah müxtəlif illərdə Oslo Filarmonik Orkestrinin solisti D.F.Ştrunkdan (Norveç) və Almaniyanın Düsseldorf şəhərindəki R.Şuman adına Ali Musiqi Məktəbinin professoru R.V.Daaldan ustad dərsləri alıb.

Nərmin Nəcəfli 1996-cı ildə Bakıda anadan olub. 2014-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini bitirərək Almaniyanın Hannover şəhərindəki Musiqi, Dram və Media Universitetinə qəbul olunub. 2018-2021-ci illərdə həmin universitetin magistr pilləsində təhsil alıb, 2021-ci ildən təhsilini doktorantura pilləsində davam etdirir. 2007-ci ildə adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılaraq Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülüb. 2013-cü ildə Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclər mükafatı”, 2016-cı ildə Gənclər üçün Prezident mükafatı alıb.

N.Nəcəfli 2012-ci ildə Estoniyanın Narva şəhərində keçirilən F.Şopen adına 9-cu beynəlxalq müsabiqədə I yerə, İtaliyanın Seregno şəhərində təşkil olunan Gənc pianoçuların beynəlxalq müsabiqəsində II yerə, Böyük Britaniyanın Nyukasl şəhərində Gənc pianoçuların V Beynəlxalq müsabiqəsində I yerə, 2013-cü ildə Polşanın Şafarniya şəhərində Uşaq və gənclərin XXI Beynəlxalq F.Şopen adına piano müsabiqəsində II yerə, 2017-ci ildə Qranada şəhərində (İspaniya) pianoçuların beynəlxalq müsabiqəsində xüsusi mükafata layiq görülüb.

Gənc pianoçu 2019-cu ildə Hannover Opera Teatrı və Hannover Simfonik Orkestrinin (Almaniya) birgə keçirdiyi müsabiqədə qalib gələrək “Nijinski və Liebhaber” layihələrində iki mövsüm solist olaraq dəfələrlə orkestr ilə çıxış edib.

Nurəddin