Seminarda müzakirə olunub

   Dünya Turizm Günü münasibətilə daha bir tədbir “Kazbegi Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətin dəstəyi, Hotellər və Restoranlar Assosiasiyasının təşkilatçılığı ilə “Exselsior” mehmanxanasında keçirilib.
   
    «Qonaqpərvərlik: hotel və restoranların idarə edilməsi» adlı seminarda Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Babazadə tədbir iştirakçılarına rəhbərlik etdiyi qurum barədə məlumat verib. Onun sözlərinə görə, assosiasiya hotellərin və restoranların idarə edilməsi, açılışa hazırlanması, personalın təlimi, daxili strukturun qurulması, böhrandan çıxma imkanları və digər sahələrdə xidmətlər göstərir: «Bu xidmətlər yüksək peşəkarlıq səviyyəsində və hər bir müəssisəyə fərdi yanaşma əsasında qurulur. Bizim layihələr mehmanxanalarda xidmət səviyyəsinin artırılması və maliyyə dövriyyəsinin yüksəlməsinə yönəlib».
   Natiq qeyd edib ki, ölkə prezidenti tərəfindən 2011-ci ilin “Turizm ili” elan olunması və “Eurovision” müsabiqəsinin gələn il Bakıda keçirilməsi hotel və restoran şəbəkəsində fəaliyyət göstərənlərin üzərinə əlavə vəzifələr qoyur.
   Qurum rəhbəri Yunanıstanda fəaliyyət göstərən hotel və turizm sənayesi üçün kadrlar hazırlayan peşə məktəbi barədə də məlumat verib. Məlum olub ki, yarandığı 30 ildə məktəb dünyanın turizm sektoru üçün minlərlə kadr yetişdirib: «Bu peşə məktəbi turizm sahəsində Azərbaycanın müvafiq strukturları ilə əməkdaşlıq əlaqələri qurmaq üçün müəyyən addımlar atır. Məktəb tərəfindən yaxın vaxtlarda Bakıda menecerlərin peşəkarlığını artırmaq məqsədilə kurslar təşkil ediləcək».
   Seminarda mehmanxanaların təsnifatı, xidmət standartları, təlim sistemi və s. ilə bağlı təqdimat da olub. Təqdimatda menecerlər biliklərə yiyələnməklə yanaşı, hotelçilk və restoran biznesinin müasir ənənələri, xidmət standartlarının tətbiqi ilə bağlı suallara cavab veriblər.
   Seminar iştirakçıları gigiyena və qida təhlükəsizliyini də müzakirə ediblər. Hotel və restoran aşbazları, masa xidmətçiləri, anbar işçiləri, sanitar həkimlər üçün nəzərdə tutulmuş təqdimatda gigiyena və qida məhsullarının saxlanma qaydaları şərh edilib.
   Sonda hotel və restoran şəbəkəsində çalışan mütəxəssislərin praktiki bilik və bacarıqları nümayiş olunub.

   Fəxriyyə Abdullayeva