Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 20-27 may tarixində Bakıda ilk dəfə beynəlxalq piano festivalı keçirilir. Müxtəlif ölkələrdən ifaçıların qatıldığı festivalın proqramına ümumilikdə 15-ə yaxın konsert daxildir.

Piano musiqinin istənilən janrında musiqi ifa etmək üçün mükəmməl alətdir. Festival M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi ilə açıldı.

Açılış mərasimində çıxış edən mədəniyyət naziri Anar Kərimov ölkəmizdə piano ifaçılığı sənətinə gənclərin daha çox cəlb edilməsi, yeni istedadların üzə çıxması və gənc nəsildə bu sahəyə maraq yaradılması baxımından festivalın əhəmiyyətini qeyd etdi. Bildirdi ki, ölkəmizdə ilk dəfə təşkil edilən və bir həftə davam edəcək festivala dünyanın müxtəlif ölkələrindən ifaçılar qatılıb: “Proqram üzrə müxtəlif janrlarda piano konsertləri paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına maraqlı, yaddaqalan günlər vəd edir. Azərbaycanda piano ifaçılığı ənənələri çox zəngindir və biz bununla fəxr edirik. Gələcəkdə festivalın Bakı ilə yanaşı, regionlarda da keçirilməsini planlaşdırırıq”.

Fransanın Azərbaycandakı səfiri Zakari Qross festivalın ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirdi. O, festival proqramında məşhur fransız pianoçunun çıxışının da yer almasından məmnunluğunu ifadə etdi: “Lüdviq van Bethovenin bu gün səslənəcək “Fortepiano və orkestr üçün 5 nömrəli konsert”ində bəstəkar incəsənətin müharibəyə qalib gəlməsini təcəssüm etdirib. İndiki Avropanın durumunda bu, olduqca vacib məsələdir”.

Festivalın təşkilatçısı və bədii rəhbəri, Əməkdar artist Şahin Növrəsli piano bayramının ideyası haqqında danışaraq layihəyə dəstək olan təşkilatlara minnətdarlığını ifadə etdi: “Bu cür layihələr dünyanın çoxsaylı ölkələrində keçirilir. Buna görə də belə bir layihəni Vətənimizdə həyata keçirmək qərarına gəldim və mədəniyyət naziri cənab Anar Kərimova bu təkliflə müraciət etdim. O, bu fikri dəstəklədi və hazırlıq başlandı. İnanıram ki, bu mötəbər tədbir Azərbaycanın musiqi bayramına çevriləcək. Azərbaycan pianoçuları hər zaman bir sıra ölkələrin məşhur səhnələrində möhtəşəm konsertlər veriblər. Məmnunam ki, ilk piano festivalını təşkil etmək mümkün oldu”.

 

Əlamətdar sənət hadisəsi

 

Çıxışlardan sonra festivalın ilk konserti təqdim edildi. Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında dahi bəstəkar Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”  əsəri səsləndirildi. Daha sonra fransız pianoçu Remi Jenyenin orkestrlə birlikdə L.Bethovenin “Fortepiano və orkestr üçün 5 nömrəli konsert”ini ifa etdi.

Konsertdən əvvəl müsahibə verən fransalı pianoçu Azərbaycanda ilk dəfə olmasından məmnunluğunu dilə gətirdi. Bakı səhnəsində, filarmoniyada çıxışını böyük məsuliyyət kimi dəyərləndirən pianoçu festivalın rəngarəng proqramından da söz açdı. O, bir sıra ölkələrdən musiqiçilərin bir-birini yaxından tanımasına vəsilə olan festivalı mühüm sənət hadisəsi kimi dəyərləndirdi.

Qeyd edək ki, I Bakı Beynəlxalq Piano Festivalında dünyanın bir sıra ölkələrindən virtuoz ifaçılar paytaxtımızın səhnəsində istedadlarını nümayiş etdirəcəklər. Festival çərçivəsində paytaxtımızın bir neçə konsert müəssisəsində 15-ə yaxın musiqi axşamı keçiriləcək. Həmin konsertlərdə ilk dəfə olaraq pianoda mümkün olan bütün janrların – caz, flamenko, tanqo, klassik və s. ifası planlaşdırılır.

 

Tanqo, flamenko, caz və lirik türk musiqiləri...

 

Həmin gün festivalın ikinci konsert proqramı “Orange Groove”da təqdim olunub. Beynəlmiləl “Zinnetango” kvarteti tərəfindən təqdim olunan konsert maraqla qarşılanıb. Hərarətli tanqo tamaşaçıları biganə qoymayıb. Gecədə İlham Osmanov və Əlfiyyə Sultanova, Kamran Babayev və Nərgiz Osmanova, Aleksey Anpilov və Lenay Seydəlizadənin rəqs duetləri böyük maraqla qarşılanıb. Beynəlxalq kvartetə Argentina, Belçika və Estoniyadan musiqiçilər daxildir. Onlar köhnə tanqo ənənəsinə yeniliklər əlavə edərək uğurlu sintezə nail olublar.

Fesivalın ikinci günündə, mayın 21-də “Landmark”da “Los-Aurora” qrupu və Maks Villaveçianın ifasında musiqi və rəqslərdən ibarət konsert proqramı təqdim edilib.

“Los-Aurora” cəsarətli yenilikləri ilə milli və beynəlxalq musiqi səhnəsində inqilab edən flamenko caz qrupudur. Həmin gün pianoçu Maks Villaveçia ilə birlikdə səhnəyə müğənni Pere Martinez və sənət dostları çıxıb. Tamaşaçılar onların ifasından unudulmaz təəssürat qazanıblar.

Mayın 22-də isə yenə “Landmark” səhnəsində tanınmış qırğız pianoçu Vikram Ruzaxunovun caz konserti təqdim edildi. Mərkəzi Asiya regionunda cazın populyarlaşmasında mühüm rol oynamış V.Ruzaxunovun çıxışı tamaşaçılar və musiqi ictimaiyyəti tərəfindən maraqla qarşılandı.

Türkiyənin məşhur “Tanini” triosu və Güvenç Dağüstünün çıxışları da həmin günün yaddaqalan musiqi axşamlarından oldu. İştirakçılar türkiyəli qonaqların ifasında lirik musiqilərdən zövq aldılar.

 

“Gənclərə dəstək” layihəsinin iştirakçıları səhnədə

 

Mayın 23-də festivalın daha bir konserti Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalında gerçəkləşdi.

Aparıcı Tofiq Həsənsoyun piano festivalının təşkilatçıları və dəstəkçilərinə təşəkkür nitqindən sonra “Gənclərə dəstək” layihəsinin koordinatoru, musiqişünas Ayla Kərimova-Zəkəriyyə çıxış edərək layihənin məqsədi, ötən müddətdə həyata keçirilən tədbirlər barədə danışdı. Bildirildi ki, layihə çərçivəsində təqdim olunan proqramlar klassik musiqidən muğam, caz, xor və estradayadək müxtəlif zövqlərə malik çox geniş auditoriyaya ünvanlanıb.

I Beynəlxalq Piano Festivalının təşkilatçısı və bədii rəhbəri, Əməkdar artist Şahin Növrəsli çıxışında gənclərin piano ifaçılığına marağını yüksək qiymətləndirdi və gənc istedadların bu sahə üzrə beynəlxalq müsabiqələrdə uğurlarından söz açdı.

Daha sonra Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə (dirijor Valid Ağayev) “Gənclərə dəstək” layihəsinin iştirakçıları maraqlı konsert proqramı ilə çıxış etdilər. Bakı şəhər musiqi və incəsənət məktəblərinin şagirdləri Hüseyn Niftəliyev, Ömər Həsənli, Turan Cəfərzadə, Nil Mürsəlova, Humay İbrahimli, Rinat Şərifli, İnci Həsənli, Ümid İqan Əsgərli, Aylin Babayeva, Əli Vəliyev, Mirsəməd Növrəsli Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət müxtəlif janrları əhatə edən musiqi nömrələri təqdim etdilər.

Beləliklə, festivalın daha bir proqramı gənc ifaçılara öz ifaçılıq məharətlərini göstərmək üçün gözəl fürsət oldu.

Bakıda keçirilən I Beynəlxalq Piano Festivalı mayın 27-dək maraqlı proqramlarla musiqisevərlərin könlünü oxşayacaq.

Lalə Azəri