Dövlət dəstəyi ilə bədii, sənədli və animasiya filmlərinin, digər audiovizual əsərlərin istehsalı, eləcə də ssenari portfelinin formalaşdırılması üçün müsabiqələrin təşkilini həyata keçirmək məqsədilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası nəzdində Ekspert şurası yaradılıb.
Kinostudiyadan bildirilib ki, kinoşünas, kinorejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayevin rəhbərlik edəcəyi Şuranın üzvləri Xalq artisti Mehriban Zəki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli, həmin kafedranın müəllimi, sənətşünas, kino redaktoru Nadir Bədəlov, dramaturq, ssenarist İsmayıl İmandır. Ekspert şurasının məsul katibi Leyla Vəzirzadədir.
Şura üzvlərinin səlahiyyət müddəti cari ilin sonuna qədərdir. Bu müddətdə kinostudiyada həyata keçiriləcək müsabiqələr Ekspert şurası üzvlərinin qərarı ilə qiymətləndiriləcək.