Azərbaycan

 

28 may 1927 – Xalq artisti, tanınmış kamança ifaçısı Habil Mustafa oğlu Əliyev (1927 – 8.9.2015) Ağdaş rayonunun Üçqovaq kəndində doğulub. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. “Qanun naminə” filmində çəkilib, “Dəli Kür”, “Sarı gəlin” filmlərində musiqiləri ifa edib.

28 may 1936 – Əməkdar artist Aqşin Məmmədəli oğlu Vəlixanov (1936 – 21.7.1998) Bakıda anadan olub. Akademik Milli Dram Teatrında çalışıb. Kinoda, televiziya tamaşalarında çəkilib. 

28 may 2021 – Əməkdar artist, müğənni Zöhrə Abdulla qızı Abdullayeva (16.12.1952 – 2021) vəfat edib.

 

29 may 1939 – Əməkdar mədəniyyət işçisi, kinooperator Həmzə Əhmədoğlu (1939-2008) Bakıda doğulub. “Azərbaycanfilm” Kinostudiyasında 40-dan çox filmin çəkilişində iştirak edib.

29 may 1946 – Əməkdar incəsənət xadimi, aktyor, rəssam Elçin Mehdi oğlu Məmmədov (1946 – 18.2.2001) anadan olub. “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Dantenin yubileyi” və s. filmlərdə çəkilib. Ölkəmizdə, eləcə də Rusiya teatrlarında tamaşalara səhnə tərtibatı verib.

 

30 may 1862 – Böyük satirik şair, maarifçi və mütəfəkkir Mirzə Ələkbər Sabir (1862 – 12.7.1911) Şamaxıda doğulub. “Molla Nəsrəddin” jurnalında fəaliyyəti şairin yaradıcılığının ən yetkin, məhsuldar dövrüdür. Ölümündən sonra (1912) şeirləri “Hophopnamə” adlı topluda nəşr olunub.

30 may 1930 – Şair, publisist, Əməkdar mədəniyyət işçisi Fikrət Abbas oğlu Sadıq (1930 – 16.11.2016) Şamaxı şəhərində anadan olub. Uşaqlar üçün əsərlərin   müəllifidir. Kitabları: “İşığın yaşı”, “Ağ cığır”, “Gözlədiyim ömür” və s.

30 may 1948 – Xalq rəssamı Tahir Rəşid oğlu Tahirov (1948 – 12.9.2019) Bakıda anadan olub. Akademik Opera və Balet Teatrında quruluşçu rəssam işləyib, filmlərdə (“Cavad xan”, “Sübhün səfiri” və s.) geyim rəssamı olub.

30 may 1967 – Tanınmış aktyor, rejissor, Əməkdar incəsənət xadimi İsmayıl Mahmud oğlu Əfəndiyev (10.8.1910 – 1967) vəfat edib. “Arşın mal alan” (1945), “O olmasın, bu olsun”, “Qızmar günəş altında” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

30 may 1974 – SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan Dövlət Akademik Dram Teatrı “sovet teatr sənətinin inkişafında böyük xidmətlərinə görə” “Lenin” ordeni ilə təltif edilib. 

 

31 may 1922 – Xalq artisti, məşhur xanəndə Sara Bəbiş qızı Qədimova (1922 – 12.5.2005) Bakıda anadan olub. Azərbaycan Dövlət Filarmoniyasının, Opera və Balet Teatrının solisti olub, Azərbaycan musiqisinin xaricdə təbliğinə böyük töhfə verib.

31 may 1929 – Bəstəkar, Xalq artisti Oqtay Qədir oğlu Zülfüqarov (1929 – 31.8.2016) anadan olub. Uşaqlar üçün “Əlibaba və qırx quldur” baleti, “Azərbaycan gəncləri” odası, digər musiqi əsərlərinin, 300-dən çox mahnının müəllifidir. Tamaşalara musiqi yazıb.

31 may 1963 – Əməkdar artist, tanınmış xanəndə Zülfi (Zülfüqar) Səməd oğlu Adıgözəlov (1898-1963) vəfat edib.

31 may 1974 – Bakıda Azərbaycan peşəkar milli teatrının 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib. Respublikanın rəhbəri – Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev mərasimdə çıxış edib.

 

Dünya

 

28 may 1779 – İngilis şairi, mütəfəkkir Tomas Mur (Thomas Moore; 1779-1852) anadan olub.

28 may 1934 – Gürcüstanın Xalq artisti Liya Eliava (1934-1998) anadan olub. Azərbaycanda “Dəli Kür” (Şahnigar), “Tütək səsi” (Sayalı) filmlərinə çəkilib.

 

29 may 1874 – İngilis yazıçısı, filosof, jurnalist Gilbert Çesterton (Gilbert Keith Chesterton; 1874-1936) anadan olub. Əsərləri: “Əbədi insan”, “Şar və xaç”, “Uçan meyxana” və s.

29 may 1953 – Tanınmış aktyor, Rusiyanın Xalq artisti Aleksandr Abdulov (1953-3.1.2008) anadan olub. Filmləri: “Sevdiklərinizdən ayrılmayın”, “Ən məftunedici və cazibədar”, “Məhbəs romansı” və s.

 

30 may 1778 – Fransız yazıçısı, şair, mütəfəkkir və tarixçi Volter (əsl adı Fransua-Mari Arue; 21.11.1694 – 1778) vəfat edib.

30 may 1937 – Rusiyanın Xalq artisti Aleksandr Demyanenko (1937-1999) anadan olub. Filmləri: “Qafqaz əsiri”, “İvan Vasilyeviç peşəsini dəyişir” və s.

 

31 may 1809 – Məşhur Avstriya bəstəkarı Frans Yozef Haydn (Franz Joseph Haydn; 31.3.1732-1809) vəfat edib. Simfoniyaların, opera, sonata, oratoriya və s. əsərlərin müəllifidir.

31 may 1887 – Fransız şairi, Nobel mükafatı laureatı (1960) Sen-Jon Pers (Saint-John Perse; 1887-1975) anadan olub.

Hazırladı: Vüqar Orxan