Layihənin növbəti konserti

 

Mədəniyyət Nazirliyi tərəfindən bu ilin mart ayından həyata keçirilən “Yeni adlar” layihəsi davam edir.

Layihə üzrə növbəti musiqi axşamı mayın 24-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gerçəkləşdi. Gənc musiqiçilər – respublika və beynəlxalq müsabiqələr laureatları Tahir Əmrahov (tar) və Cahandar Xanlarovun (kamança) iştirakı ilə konsert proqramı təqdim olundu.

Musiqiçiləri Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri (dirijor – Əməkdar artist İlahə Hüseynova) müşayiət edirdi.

Musiqi axşamının tamaşaçıları arasında Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi Musiqi sektorunun müdiri Vüqar Hümbətov, mədəniyyət və incəsənət xadimləri vardı.

Proqramda Tofiq Bakıxanovun “Tar və orkestr üçün 1 nömrəli konsert”i və Hacı Xanməmmədovun “Kamança və orkestr üçün konsert”i ifa olundu. Çıxışlar alqışlarla qarşılandı.

***

“Yeni adlar”ın budəfəki iştirakçılarını yaxından tanıyaq.

Tahir Əmrahov 1993-cü ildə Sabirabad rayonunda anadan olub. 2009-cu ildə Ş.Ələkbərova adına 20 nömrəli onbirillik Musiqi məktəbini tar sinfi üzrə bitirərək həmin ildə Azərbaycan Milli Konservatoriyası (AMK) nəzdində Musiqi Kollecinə, 2006-cı ildə Azərbaycan Milli Konservatoriyasına qəbul olunub.

T. Əmrahov 2005-ci ildə H.Xanməmmədov adına VII Bakı uşaq musiqi müsabiqəsində II yer, 2008-ci ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş I Respublika müsabiqəsində II yer, həmin ildə Xalq çalğı alətləri üzrə respublika müsabiqəsində I yer, 2010-cu ildə N.Əliverdibəyov adına Gənc ifaçıların V ümumşəhər müsabiqəsində III yerə layiq görülüb. O, 2011-ci ildə dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş Milli musiqi alətləri ifaçılarının Respublika festivalında I yerin qalibi, 2012-ci ildə görkəmli tarzən, Xalq artisti Ə.Bakıxanovun 120 illik yubileyinə həsr olunmuş Musiqi Kolleci tələbələri arasında Tar ifaçılarının muğam müsabiqəsinin qalibi adını qazanıb. 2012-ci ildə görkəmli bəstəkar, SSRİ Xalq artisti F.Əmirovun 90 illik yubileyinə həsr olunmuş Orta ixtisas musiqi məktəbləri arasında gənc ifaçıların Respublika müsabiqəsində I yerin qalibi olub, milli musiqi alətləri ifaçıları və xanəndələrin Bülbül adına müsabiqəsində III yerə layiq görülüb.

Süleyman Ələsgərov Mədəniyyət Fondu tərəfindən mükafat və təqaüdə layiq görülən tarzən 2013-cü ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə tələblər arasında musiqi ifaçılarının müsabiqəsində I yer, 2019-cu ildə Qazaxıstanda keçirilən “Fiestalonia-Almaty” Beynəlxalq müsabiqəsində I yerin qalibi olub. Həmin ildə dünya şöhrətli müğənni Sami Yusufla uğurlu konsertinə görə Mədəniyyət Nazirliyi tərəfindən fəxri fərmanla təltif edilib.

Cahandar Xanlarov 1997-ci ildə Bakı şəhərində anadan olub. 2014-cü ildə L.və M.Rostropoviçlər adına 21 nömrəli onbirillik Musiqi məktəbini kamança sinfi üzrə bitirərək həmin ildə Azərbaycan Milli Konservatoriyasına daxili olub. 2016-cı ildən bakalavr təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində davam etdirib. 2018-ci ildə həmin universitetdə magistr təhsili almağa başlayıb, 2020-ci ildə təhsilini başa vurub.

C.Xanlarov 2010-cu ildə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən II Respublika müsabiqəsində I dərəcəli diploma layiq görülüb, 2010-cu ildə Mərakeşin Rabat şəhərində keçirilən Mədəniyyət və incəsənət festivalının qalibi olub. 2011-ci ildə müstəqilliyimizin bərpasının 20-ci il dönümünə həsr olunmuş festivalda I dərəcəli diplom, 2013-cü ildə milli musiqi alətləri ifaçıları və xanəndələrin Bülbül adına müsabiqəsində I dərəcəli diplomla təltif edilib. 2013-cü ildə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Azərbaycan səninlədir – Sənsiz deyil” III yaradıcılıq müsabiqəsinin qalibi olub.

2013-cü ildə C.Xanlarovun adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb və Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülüb. 2015-ci ildə Rusiya Federasiyasının Həştərxan şəhərində keçirilən “Qolosa Zolotoy stepi” adlı Beynəlxalq müsabiqəsində II dərəcəli diplom, 2016-cı ildə İspaniyanın Lloret de Mar şəhərində keçirilən “Qran Flesta” Beynəlxalq incəsənət festivalı və müsabiqəsində II dərəcəli diplomla təltif edilib, 2017-ci ildə Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı olub.

Nurəddin