Azərbaycan

 

4 iyun 1926 – Əməkdar artist, xanəndə Fatma Yusif qızı Mehrəliyeva (1926 – 4.1.2000) Qubada anadan olub. Muğam, xalq və bəstəkar mahnılarının bənzərsiz ifaçısı kimi tanınıb. “Arşın mal alan” filmində (1945) Telli rolunu oynayıb.

4 iyun 1929 – Əməkdar artist, kamança ifaçısı Elman Kərim oğlu Bədəlov (1929 – 25.6.1991) Ağdamın Malıbəyli kəndində doğulub. Azərbaycan Televiziyası və Radiosu Xalq çalğı alətləri orkestrində fəaliyyət göstərib.

4 iyun 1939 – Əməkdar artist Vaqif Nəcəf oğlu Rəsulov (1939-2014) Bakıda doğulub. Sumqayıt Dövlət Dram Teatrı yaranandan (1968) bu teatrın aktyoru olub.

4 iyun 1944 – Əməkdar mədəniyyət işçisi, kinooperator Elman Əliverdi oğlu Əliyev (1944-2016) Bakıda doğulub. 30-dan artıq sənədli filmin operatoru, bədii filmlərin rəssam-fotoqrafı olub. 

 

5 iyun 1908 – Məşhur şair Mikayıl Müşfiq (Mikayıl Əbdülqadir oğlu İsmayılzadə; 1908 – 6.1.1938) anadan olub. Yeniyetmə vaxtlarından şeir yazıb, 18-20 yaşlarında populyarlıq qazanıb. Qısa ömründə 10 şeir və poemalar toplusu nəşr olunub. Repressiya qurbanıdır.

5 iyun 1939 – Xalq şairi, dramaturq Vaqif Səmədoğlu (Vaqif Səməd oğlu Vəkilov; 1939 – 28.1.2015) anadan olub. Lirik-fəlsəfi şeirlərin, “Bəxt üzüyü”, “Yayda qartopu oyunu”, “Generalın son əmri”, “Mamoy kişinin yuxuları” və s. pyeslərin müəllifidir. Milli Məclisin deputatı (2000-2010) olub.

5 iyun 1941 – Görkəmli aktyor, Əməkdar artist Hamlet Bəbir oğlu Xanızadə (1941 – 3.2.1990) Bakının Şağan kəndində doğulub. “Babək”, “Arxadan vurulan zərbə”, “Qızıl uçurum”, “Qətl günü” və s. filmlərdə, Akademik Dram Teatrında, televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

 

6 iyun 1917 – Teatr xadimi, rejissor, pedaqoq, Əməkdar incəsənət xadimi Zəfər Əlipaşa oğlu Nemətov (1917 – 19.11.1971) anadan olub. Yaradıcılığının əsas dövrü Gənc Tamaşaçılar Teatrı ilə bağlıdır, 1942-1969-cu illərdə bu teatrda quruluşçu rejissor və baş rejissor işləyib.

6 iyun 1929 – Əməkdar rəssam, heykəltəraş Münəvvər Məcid qızı Rzayeva (1929-2004) Bakıda anadan olub. Mikayıl Müşfiq (Bakı və Xızı), Ayna Sultanova, Məhsəti Gəncəvi (Gəncə) və digər tanınmış şəxsiyyətlərin heykəllərinin müəllifidir.

6 iyun 1929 – Akademik, fizika-riyaziyyat elmləri doktoru Çingiz Oveys oğlu Qacar (1929 – 12.6.2021) Bakıda doğulub. İxtisas sahəsi ilə yanaşı, “Qədim və orta əsrlər Azərbaycanın görkəmli şəxsiyyətləri”, “Köhnə Bakı”, “Köhnə Şuşa” və s. kitabların müəllifidir.

6 iyun 1972 – Bakıda Nəriman Nərimanovun heykəlinin (heykəltəraş – Xalq rəssamı Cəlal Qaryağdı) açılışı keçirilib. Respublikanın rəhbəri – Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev mərasimdə çıxış edib.

 

7 iyun 1905 – Azərbaycanın mətbuat və ictimai fikir tarixində mühüm rol oynamış “Həyat” qəzeti nəşrə başlayıb. Qəzetin naşiri Əlimərdan bəy Topçubaşov, redaktorları Əhməd bəy Ağaoğlu (Ağayev) və Əli bəy Hüseynzadə idi. 1906-cı ilin 3 sentyabrınadək Bakıda nəşr edilib.

7 iyun 1893 – Peşəkar təhsil almış ilk azərbaycanlı qadın rəssamlardan Qeysər Seyfulla qızı Kaşıyeva (1893 – 17.4.1972) Tiflisdə doğulub. Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin rəssamlıq sinfində oxuyub. Portret və peyzajların (“Azərbaycan ziyalısı”, “Göl sahili” və s.) müəllifidir. “Şərq qadını” jurnalında rəssam işləyib.

7 iyun 1924 – Xalq artisti Məlik Yusif oğlu Dadaşov (1924 – 3.12. 1996) Bakıda anadan olub. Akademik Dram Teatrında çalışıb. Rus Dram Teatrında direktor və bədii rəhbər (1989-1991) işləyib. Teatr və televiziya tamaşalarında, filmlərdə (“Dəli Kür”, “Axırıncı aşırım”, “O dünyadan salam”, “Fəryad” və s.) filmlərdə yaddaqalan rollar oynayıb.

 

Dünya

 

4 iyun 1882 – Rus teatr rejissoru Fyodor Komissarjevski (1882-1954) anadan olub.

 

5 iyun 1898 – İspan şairi və dramaturqu, musiqiçi və rəssam Federiko Qarsia Lorka (Federico Garcia Lorca; 1898-1936) anadan olub. İspaniyada vətəndaş müharibəsində həlak olub.

5 iyun 1931 – Fransız kinorejissoru, “Yeni dalğa”nın nümayəndəsi Jak Demi (Jacques Demy; 1931-1990) anadan olub. “Şerbur çətirləri” filmi Kann festivalının (1964) qalibi olub.

 

6 iyun 1599 – İspan rəssamı Dieqo Rodriqes de Silva Velaskes (Diego Rodriguez de Silva y Velazquez; 1599-1660) anadan olub.

6 iyun 1606 – Fransız dramaturqu Pyer Kornel (Pierre Corneille; 1606-1684) anadan olub. Əsərləri: “Sid”, “Edip”, “Psixeya”, “Medeya” və s.

6 iyun 1799 – Böyük rus şairi, dramaturq və nasir Aleksandr Sergeyeviç Puşkin (1799 – 10.02.1837) anadan olub. Əsərləri: “Yevgeni Onegin” (mənzum roman), “Ruslan və Lüdmila”, “Qafqaz əsiri”, “Tunc atlı” (poema), “Boris Qodunov”, “Motsart və Salyeri” (pyes), “Kapitan qızı”, “Qaratoxmaq qadın” (povest) və s.

6 iyun 1875 - Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1929) Tomas Mann (Paul Thomas Mann; 1875 – 12.08.1955) anadan olub. Əsərləri: “İosif və onun qardaşları” (tetralogiya), “Buddenbroklar”, “Doktor Faustus” (roman) və s.

 

7 iyun 1848 – Fransız impressionist rəssamı, qrafik və heykəltəraş Pol Qogen (Eugene Henri Paul Gauguin; 1848-1903) anadan olub.

7 iyun 1917 – İtalyan əsilli Amerika aktyoru və müğənnisi Din Martin (Dean Martin – Dino Paul Crocetti; 1917-1995) anadan olub.

Hazırladı: Vüqar Orxan