Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyası tərəfindən istehsal olunmuş “Sonuncu” sənədli filmi iyunun 6-11-də Polşada, 41-ci Koszalin Debüt Filmləri Festivalında nümayiş olunacaq.
Ekran işi “Gənclər və kino” adı altında keçirilən festivalın qısametrajlı filmlər üzrə müsabiqə proqramında iştirak edəcək.
Baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədov, quruluşçu operatoru Mateuş Çuxnovski (Polşa) olan film Xəzər dənizindəki Kürdili adasının sonuncu sakini Vitali Pronindən bəhs edir.
Qeyd edək ki, “Sonuncu” ötən il premyerasını 50-ci Rotterdam Beynəlxalq Film Festivalında etdikdən sonra, bir sıra festivallarda iştirak edib. Ekran işi Bosniya və Herseqovinada keçirilən 15-ci “Jahorina Film Festivalı”nda, Polşada keçirilən “OFF CİNEMA” 25-ci Beynəlxalq Sənədli Film Festivalında, 5-ci “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalında mükafatlara layiq görülüb.