İsveçin məşhur “ABBA” kvartetinin üzvləri 36 ildən sonra ilk dəfə tam heyətdə ictimaiyyət qarşısına çıxıblar. Qrup mayın 26-da “ABBA Voyage” konsert şousunun açılışına qatılıb.

72 yaşlı Agneta Faltskoq, 75 yaşlı Benni Anderson, 76 yaşlı Anni-Frid Lingstad və yaşı 77-ni haqlamış Byorn Ulveus qırmızı xalı üzərindən keçərək fotoqraflara poza verdikdən sonra tamaşaçı zalında yerlərini tutublar. Konsertdə isə kvartet üzvlərinin özləri deyil, onların rəqəmsal avatarları çıxış ediblər.

Konsertdən öncə səhnəyə çıxan Benni Anderson özünü zaman içində səyahət edən “Doktor Kim” (“Doctor Who”,  60-80-ci illərdə BBC-də yayımlanan məşhur fantastik serial) ilə müqayisə edib.

Sonra “ABBA”nın holoqramlı avatarları qrupun populyar mahnılarını ifa ediblər.

Konsertlər “ABBA”nın 40 ildən sonra “Voyage” adlı albomunun buraxılışına həsr olunub. “ABBA Voyage” şousu bir həftə ərzində hər gün London Olimpiya parkında xüsusi olaraq tikilmiş “ABBA Arena”da nümayiş olunub.

Konsertlərdə çıxış edən holoqramlar (rəqəmsal avatar) 70-ci illərdəki “ABBA” üzvlərinin bənzəridir. Konsert proqramında İsveç qrupunun 22 hiti yer alıb.

1972-ci ildə yaradılan kvartet üzvlərinin adlarının baş hərfləri (Agneta, Byorn, Benni, Anni) ilə “ABBA” adlandırlıb. Dünya şöhrəti qazanan qrup 10 il fəaliyyət göstərib. Qrupun hitləri bu gün də dünya radiolarının efirində səslənir.

V.Kamal