Xəbər verdiyimiz kimi, iyunun 1-dən 4-dək çağımızın görkəmli bəstəkarı, Xalq artisti Firəngiz Əlizadənin 75 illik yubileyi münasibətilə musiqi festivalı keçirilir.
Festival çərçivəsində iyunun 1-də Beynəlxalq Muğam Mərkəzində bəstəkarın kamera-instrumental əsərlərindən ibarət konsert proqramı təqdim edildi.
Konsertdən əvvəl Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyinin icraçı direktoru Günay Əliyeva bəstəkarı yubileyi münasibətilə təbrik etdi, onun Azərbaycan musiqi mədəniyyətinə verdiyi əvəzsiz töhfələrdən, aldığı çoxsaylı mükafatlardan, ölkəmizi dünyada tanıtmasından və əsərlərindən söz açdı.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, professor Nərminə Əliyeva səhnəyə çıxaraq yubilyarı rektor Fərhad Bədəlbəylinin adından təbrik edərək sənətkarın musiqi mədəniyyətimizdəki xidmətlərindən danışdı.
Çıxışlardan sonra söz musiqiyə verildi. Beş kamera-instrumental əsərin yer aldığı proqramı Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri təqdim etdi. Hər bir əsərin ifasından əvvəl onun haqqında məlumat verildi.
“Deyişmə II” əsərini müəllif 2005-ci ildə yazıb. Əsər Almaniyada “Morgenland” festivalı tərəfindən sifariş olunub və açılış mərasimində ifa edilib. Kontrabas ifaçıları üçün yazılan və ən çətin hesab edilən əsər müsabiqə proqramlarına salınır. “Deyişmə II” Bakıda ilk dəfə səslənirdi və Türkiyənin tanınmış kontrabasçısı Onur Özkayanın ifasında alqışlarla qarşılandı.
Konsertdə ifa edilən “Oyan” isə Parisdə keçirilən M.Rostropoviç adına VIII Beynəlxalq violonçel ifaçılarının müsabiqəsi üçün sifariş edilib və bağlanış mərasimində ifa olunub. Əsər Bakıda ilk dəfə isveçrəli ifaçı Marcis Kuplaisin interpretasiyasında səsləndi.
Musiqi axşamında ifa edilən “Methamorfosis”, “Sirius” və “Dance” əsərləri də tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
Lalə