Xalq artisti Firəngiz Əlizadənin yubileyinə həsr edilmiş musiqi festivalı başa çatdı

 

Xəbər verdiyimiz kimi, 31 may – 4 iyun tarixlərində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin 75 illiyinə həsr edilmiş musiqi festivalı keçirildi.

Festival çərçivəsində iyunun 3-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında növbəti konsert proqramı təqdim olundu. Yubilyarın əsərlərindən tərtib edilmiş musiqi axşamına tanınmış mədəniyyət və ictimaiyyət xadimləri, xarici qonaqlar qatılmışdı.

Gecədə təbrik sözü ilə çıxış edən mədəniyyət naziri Anar Kərimov diqqətə çatdırdı ki, Firəngiz Əlizadə öz yaradıcılığı ilə milli mədəniyyətimizi Azərbaycanın hüdudlarından uzaqlarda da uğurla təmsil və təbliğ edir. Onun əsərləri xaricdə tanınaraq müasir Azərbaycan musiqisinin inikasına çevrilib: “Bu gün Azərbaycan mədəniyyəti üçün əlamətdar bir gündür. Mədəniyyətimizin inkişafında mühüm xidmətləri olan Firəngiz Əlizadənin yubileyinə toplaşmışıq. Bu gün fəxrlə deyə bilərik ki, Firəngiz xanım özünəməxsus dəst-xətti olan bəstəkar, Azərbaycan bəstəkarlıq sənətinin, klassik musiqi üslubunun zənginləşməsində əməyi olan bir şəxsiyyətdir. Firəngiz Əlizadə Azərbaycan musiqisini yüksək səviyyəyə qaldıran sənətkarlardandır”.

Nazir qeyd etdi ki, Firəngiz Əlizadənin yaradıcılıq fəaliyyəti, musiqi sənətimizə töhfələri dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib. Bəstəkar dövlət başçısı tərəfindən “Şöhrət” və “Şərəf” ordenləri bu günlərdə isə “Prezidentin fəxri diplomu” ilə təltif edilib. Firəngiz xanımın fəaliyyəti beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib. O, UNESCO-nun “Sülh artisti” adına layiq görülən yeganə azərbaycanlıdır”.

Anar Kərimov bəstəkarı yubileyi münasibətilə təbrik etdi, cansağlığı və yeni yaradıcılıq uğurları arzuladı.

Firəngiz Əlizadə nazir Anar Kərimova minnətdarlığını ifadə edərək tədbirə qatılan qonaqlara təşəkkürünü bildirdi.

Almaniyadan gələn qonaq – “Hans Sikorski” nəşriyyatının nümayəndəsi Qabriel Teşner çıxış edərək yubilyarı təbrik etdi, bəstəkarla birgə fəaliyyətlərindən məmnunluğunu dilə gətirdi.

Tədbirdə çıxış edən musiqişünas Jalə Qulamova bəstəkarın yaradıcılığı haqqında geniş məlumat verdi. Bildirdi ki, daim yaradıcılıq axtarışında olan Firəngiz Əlizadə bu gün də ənənəsinə sadiqdir. O, Azərbaycanı, doğma Vətənini böyük məhəbbətlə sevir və ona şərəflə xidmət edir. Onun əsərlərinin sədası bundan sonra da dünyanın ən məşhur konsert salonlarından gələcək. Bəstəkarın  yaradıcılığı yalnız ifaçılarımız üçün deyil, musiqi elmimiz üçün də dəyərli bir mənbədir.

Yubiley gecəsi dirijor, Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi  altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konsert proqramı ilə davam etdi.

Proqramda əvvəlcə bəstəkarın böyük simfonik orkestr üçün “Nağıllar” əsəri səsləndi. Sonra Firəngiz Əlizadənin dünya musiqi salonlarında ən çox ifa olunan əsəri – violonçel və simfonik orkestr üçün “Mərsiyə” (solist – Marcis Kuplais, İsveçrə) təqdim olundu. Alqışlarla qarşılanan əsərin ardından əslən Latviyadan olan violonçelçi Marcis Kuplais bəstəkara yubiley hədiyyəsi olaraq latış xalq mahnısını solo ifa etdi.

Konsertin növbəti nömrəsi – bəstəkarın “İntizar” operasından Ananın ariyası Xalq artisti Gülnaz İsmayılovanın ifasında səsləndi.

Yubiley gecəsi bəstəkarın 2021-ci ildə yazdığı simfonik orkestr və elektron səslər üçün “Nizami fəzası” (“Nizami Cosmology”) əsərinin Bakıda ilk təqdimatı ilə yekunlaşdı. Əsərin dünya premyerası bu ilin aprelində Londonda olub. Zəngin orkestr üslubu və möhtəşəm quruluşa malik olan əsər Azərbaycan simfonik musiqisinə dəyərli töhfədir.

Konsert bəstəkara ünvanlanan təbriklər və alqışlarla yekunlaşdı.

Qeyd edək ki, Firəngiz Əlizadənin 75 illiyinə həsr edilmiş musiqi festivalının  son günü – iyunun 4-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkarın “İntizar”  operası nümayiş olundu.

Lalə