Kino xarakterləri sevir. Ekran obrazlarını milyonlara sevdirənləri də məşhurlaşdırır, sevdirir. Azərbaycan kinosunda özünəməxsus yaradıcılıq tərzinə görə seçilən, sevilən aktyorlarımızdan biri də respublikanın Əməkdar artisti Tofiq Mirzəyevdir. Yaradıcılıq filmoqrafiyası zəngin olan aktyor artıq neçə illərdir doğma Bakıdan uzaqda yaşasa da, həmkarları da, kinosevərlər də onu unutmur. Tanınmış aktyorun anadan olmasının 90 illiyi ərəfəsində onun sənət dünyasını göz önündə canlandırmaq, eləcə də həmkarlarının xatirələrində bir daha oxuculara tanıtmaq istədik.

Mövzuya keçməzdən öncə yubilyarı – “Mosfilm”, “Dovjenko” studiyalarında istehsal olunan filmlərdə rol alan, “Azərbaycanfilm” Kinostudiyasında 27 filmdə müxtəlif xarakterli obrazlar yaradan, 10-dan artıq sənədli televiziya filminin ssenari müəllifi və rejissoru, 1 animasiya filminin ssenari müəllifi olan Tofiq Mirzəyevi təbrik edir, cansağlığı arzulayırıq.

 

İstedadlı ifaçı

 

İstedadlı doğulmaq xoşbəxtlikdirsə, onu məhsuldar iş əmsalına çevirmək ikiqat xoşbəxtlikdir. Yaddaşımızda dramatik rollar ifaçısı kimi qalan Tofiq Mirzəyev, seçdiyi musiqi sənətini yarımçıq qoymağa məcbur olsa da, taleyinə yazılan məşhurluq məsuliyyətini yaşamağa, sənət uğurunu tamamlamağa nail olur.

Azərbaycan Dövlət Konservatoriyasının klarnet sinfini bitirən Tofiq Mirzəyev bir müddət ifaçı kimi tanınaraq görkəmli dirijor və bəstəkar Niyazinin rəhbərliyi altında Dövlət Simfonik Orkestrinin tərkibində çıxış edir. Hələ gənc yaşlarından klassik musiqi ilə yanaşı, cazla da maraqlanır. Azərbaycanın məşhur cazmenləri ilə caz musiqiləri də ifa edir, onlarla birlikdə bir sıra ölkələrdə qastrol səfərlərində olur. Lakin ifaçılığı səhhətində (ağciyər) müəyyən fəsadlar verdiyinə görə həkimlər ona musiqidən ayrılmağı məsləhət görür. Belə olan halda istedadlı insan kinoda yaradıcılıq uğurunu davam etdirir.   

 

Musiqidən kinoya

 

Tofiq Mirzəyev kinoya da böyük sevgi ilə gəlir. Moskvada Mərkəzi Televiziyanın rejissorluq kurslarını bitirdikdən sonra Bakıya qayıdaraq Azərbaycan Televiziyasında bir sıra portret filmlər çəkir, həmçinin görkəmli kinorejissorların quruluş verdiyi filmlərdə (Rüfət – “Uşaqlığın son gecəsi”, əcnəbi müğənni – “Ən vacib müsahibə”, Teymur – “İstintaq”, aparıcı – “Üzeyir ömrü”, Tahirov – “Mezozoy əhvalatı” və s.) xarakterik rollar yaradır. Aktyorun hər zaman diqqət mərkəzində olan kino fəaliyyətini həmkarlarının bələdçiliyi ilə izləyirik.  

***

Əməkdar mədəniyyət işçisi, bir çox filmdə ikinci rejissor kimi çalışan Akif Rüstəmov: “Tofiq Mirzəyevin kinoda debüt rolu görkəmli kinorejissor Arif Babayevin quruluş verdiyi “Uşaqlığın son gecəsi” (1968) filmindəki Rüfət obrazıdır. Ariflə Tofiq yaxın dost idilər. Həmin vaxtlarda da Tofiq musiqiçi kimi çox tanınırdı, əsl incəsənət adamı idi. Ziyalılığına, istedadına görə şəhərin sayılıb-seçilənləri sırasında idi. Etiraf edim ki, ilk dəfə onu görəndə qürurlu, mədəni davranışı, xarici aktyorlara bənzəyən siması mənə çox xoş təsir bağışladı. Həmin illərdə çəkilən filmlərdə peşəkar aktyorlarla yanaşı, mövzuya uyğun gələn insanları da çəkirdilər. Arif müəllim də bu üsuldan istifadə edirdi. Məsələn, sözügedən filmdə Xosrov Abdullayevi Moskvadan (aktyor Siyavuş Şəfiyevin məsləhəti ilə) Məcnun roluna dəvət etdi. O, Moskva Dövlət Sirkində jonqlyor, illüzionist işləyirdi, Siyavuş Şəfiyev isə həmin vaxtlarda Bakı Sirkində fəaliyyət göstərirdi. Sürücü rolunu canlandıran Rafiq Tağıyev mağaza müdiri, Tofiq Mirzəyev isə tanınmış musiqiçi idi. Göründüyü kimi, fərqli peşə sahiblərinin və Tofiq Mirzəyevin inandırıcı ifası filmin uğuruna uğur qatdı. 

Tale elə gətirdi ki, Tofiq Mirzəyevlə “Nəsimi” filminin çəkilişləri zamanı da görüşdük. Görkəmli kinorejissor Həsən Seyidbəyli Tofiqi filmlərdən tanıyırdı və Dövlət bəy roluna onu sınaq çəkilişi etmədən təsdiqlədi. Filmin çəkilişlərinə hazırlıq dövründə Tofiq müəllimlə iki ay məşq etdi. Çəkilişlərdən əvvəl onun həyəcan keçirdiyi hiss olunurdu, amma bunu kamera qarşısında göstərmirdi. Bir kadra üç dubldan çox çəkilmirdi. İşinə məsuliyyətlə yanaşdığından Həsən müəllim rol üçün nə lazım idisə Tofiq müəllimdən alırdı, həmişə ondan razı qalırdı.

Bəlkə də o, musiqiçi olduğu üçün təbiət etibarilə sakit insandır. Yadımdadır, fasilə zamanı həmişə musiqi haqqında danışırdı. Onun bir dəfə də olsun səsini qaldırdığını, nədənsə narazı qaldığını görməmişəm...”.

***

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Oleq Səfərəliyev: “Tofiq Mirzəyev peşəkar aktyor, gözəl dost və gözəl insandır. Onu quruluş verdiyim “Əlvida, cənub şəhəri” filmində çəkmişəm. Baxmayaraq ki, birgə işlədiyimiz vaxtdan 16 il ötür, amma yenə də işimiz haqqında gözəl xatirələrim, düşüncələrim var. Onu da qeyd edim ki, Tofiq Mirzəyev hələ sovet dönəmində çəkilən filmlərimizdə kinomuzun ziyalı simasını tamaşaçılara tanıtdıran aktyordur və hər bir işinə həmişə böyük məsuliyyətlə yanaşır”. 

***

Əməkdar incəsənət xadimi, kinooperator Kənan Məmmədov: “Gözəl aktyor, gözəl insan, əsl ziyalı Tofiq Mirzəyevlə çoxdan tanışam və dostluğumuz hələ də davam edir. O, hazırda İsraildə yaşayır, amma Bakıya gələndə görüşürük. Tofiq çox maraqlı insandır. Onunla ünsiyyətdə olmaq mənim üçün xoşdur. Caz musiqisindən danışanda bu sahəyə aid olan bir çox məlumatları ondan alırıq. Mən Tofiqi iki filmdə – kinorejissorlar Rasim Ocaqovun “Təhminə” və Tofiq İsmayılovun “Xüsusi vəziyyət” filmlərində çəkmişəm. Tofiq Mirzəyev bir aktyor kimi materialı çox öyrənən, ondan tələb olunan dramaturji materialın incəliyini son dərəcə başa düşən aktyordur.

“Təhminə” filmində Muxtar obrazı həcm etibarılə kiçik olsa da, aparıcı roldur. Filmdə Tofiqlə çox gözəl çəkilişlərimiz oldu və onun oynadığı epizod filmdə baxımlı  epizodlardan biri kimi alındı.

Ümumiyyətlə, Tofiq Mirzəyev çox dəqiq insandır. Çəkilişə gələndə ondan, bir dəfə də olsun, mətni bilmirəm sözünü eşitmədim. Dəqiq bilirdi ki, ondan nə tələb olunur və qısa məşqdən sonra da çəkilişə başlayırdıq. Heç vaxt çəkilişlərə gecikməzdi, vaxtında gəlib qrimlənirdi, çəkilişlərə başlayardıq. Buna görə də onunla işləmək mənim üçün maraqlı idi...”.

 

Heç vaxt özünü məşhur aktyor kimi aparmırdı

 

Əməkdar artist Elxan Yunisin sənətkar haqqındakı fikirləri düşüncələri zənginləşdirir: “Tofiq müəllimlə “Kənar adamlar” filminin çəkilişləri zamanı görüşdüm. Mən həmin filmdə baş rollardan birini (Ruslan) canlandırırdım, o isə vəkil rolunu oynayırdı. O, tanınmış, hörmətli bir aktyor idi, mənsə ilk dəfə idi kamera qarşısında dururdum. Belə məşhur aktyorla tərəf-müqabili olmaq mənim üçün həm şərəfli idi, həm də məsuliyyətli. Tofiq müəllimlə ancaq çəkiliş meydançasında görüşsək də, insani keyfiyyətlərinə də bələd olurdum. Heç vaxt özünü məşhur aktyor kimi aparmırdı. Sadə, səmimi xüsusiyyətləri mənə rahatlıq gətirirdi. Mülayim, səmimi keyfiyyətlərinə görə də onunla işləmək asan idi. Tofiq Mirzəyev ünsiyyətcil, rahat insan, tərəf-müqabili kimi isə olduqca peşəkar aktyordur”.

 

İndi də onu çəkmək olar

 

Kənan müəllimin bələdçiliyi ilə davam edirik: “Xüsusi vəziyyət” filmi gərgin süjetli bir filmdir. Baş rollarda Siyavuş Aslan və Tofiq Mirzəyev çəkiliblər. Tofiq həmin filmdə mühəndis Dəmir rolunu oynayır. Film şəxsi həyatda baş verən romantik münasibətlərlə yanaşı, dramatik situasiyalarla dolu iş həyatının çətinliyini də əks etdirir. Filiz kombinatında qəza baş verir. Hər iki qəhrəman çətin vəziyyətə düşür, tuneldə qalmağa məcbur olurlar. Fövqəladə vəziyyətdən çıxış yolunu axtardıqca da fərdi xüsusiyyətləri ortaya çıxır. Beləliklə də, onların arasında olan ziddiyyətli münasibətlərə, həyat mövqelərinə aydınlıq gətirilir.

Natura çəkilişləri əsasən Daşkəsəndə olub. Ayyarım kino ezamiyyətində olmuşuq və Tofiq Mirzəyevlə əsasən o zaman dostlaşdıq. Onunla bağlı çəkilişlər əsasən yerin altında, tuneldə oldu. Kadrlardan da göründüyü kimi, orda aktyorlar üçün, həmçinin Tofiq Mirzəyev üçün müəyyən çətinliklər var idi. Amma buna baxmayaraq o, həmişə deyirdi ki, siz narahat olmayın, nə etmək, necə etmək lazımdır deyin, mən hazıram.

Tofiq mənim xətrimi çox istəyirdi, bunu da həmişə qeyd edirdi. Biz onunla rol və epizodlar haqqında uzun-uzun söhbət edirdik. Həmişə mənə deyirdi ki, Kənan, mənə aid olan kadrların, epizodların çəkilməsində mənə çox kömək edirsən. Tunel dekorasiyasının müəyyən bir hissəsini Bakıda metronun tikilən stansiyalarının birində çəkdik, qəza səhnəsini isə kinostudiyanın pavilyonunda. 

Tofiqin Siyavuş Aslanla da maraqlı münasibəti var idi. Onlar bir-birlərinə çox hörmət edirdilər. Aralarında olan xoş münasibətin prototiplərə heç bir aidiyyəti yox idi. Çünki hərəsi öz rolunun şəxsində müəlliflərin ideyasını daşıyırdı.

Tofiq Mirzəyev haqqında çox söz demək olar. Təəssüf edirəm ki, mən onunla ancaq iki filmdə işlədim. 90 yaşını qeyd edən sənət dostuma cansağlığı arzulayıram. Düşünürəm ki, cazibəli fakturasına, sifət quruluşuna, özünəməxsus jestlərinə görə elə indi də onu çəkmək olar...”.

Şəhla ƏMİRLİ
kinoşünas