Məşhur ifaçı Mark Eliyahu Bakıda çıxış edəcək

 

Dünyaca məşhur kamança ifaçısı Mark Eliyahu yenidən Azərbaycana gəlir.  İsrailli musiqiçi “Sevgi haqqında” (“About love”)  adlı turne çərçivəsində iyunun 19-da Heydər Əliyev Sarayında çıxış edəcək.

Musiqiçi bu dəfə də virtuoz ifası ilə xüsusi ab-hava yaradaraq tamaşaçılara gözəl sənət zövqü bəxş etmək niyyətindədir.

Mark Eliyahu 1982-ci ildə Mahaçqalada (Dağıstan) yəhudi ailəsində doğulub. 1989-cu ildə ailəsi İsrailə köçüb. Musiqi məktəbində skripka ixtisası üzrə təhsil alıb, eyni zamanda Şərq musiqi alətlərinə (saz, kamança) böyük maraq göstərib. 16 yaşında ilk dəfə ustad sənətkar Habil Əliyevin ifasını dinlədikdən sonra kamançada peşəkar şəkildə ifa etməyi öyrənmək qərarına gəlir. Azərbaycana gələrək Əməkdar artist Ədalət Vəzirovun rəhbərliyi ilə kamança sənətini öyrənir, Xalq artisti Habil Əliyevin ifalarını canlı dinləyir, ondan da məsləhətlər alır. Musiqiçi bu günə qədər Habil Əliyevin ona hədiyyə etdiyi kamançada ifa edir.

Mark Eliyahu təkcə musiqiçi deyil, həm də multikulturalizmin və sülhün təmsilçisidir. Onun yaradıcılığı poetikliyi və zərifliyinə görə fərqlənir. O öz incə musiqisi, həmçinin fərqli ifaçılıq tərzi ilə coğrafi sərhədləri və dil baryerlərini, eləcə də dini fərqləri aradan qaldıraraq, dünyaya nikbin mesaj çatdırır. Sevginin ümumbəşəri dili olan musiqi vasitəsilə M.Eliyahu insanların qəlbinə yol tapa bilib.