Oktyabrın 24-də doktoranturaya imtahanların nəticələri də açıqlanacaq
   
   Azərbaycan Turizm İnstitutunun Milli Təlim Mərkəzi tərəfindən müxtəlif istiqamətlər üzrə təşkil edilən kursların növbəti mərhələsinə start verilib. Bu barədə qəzetimizə məlumat verən ATİ-nin prorektoru Eldar Aslanovun sözlərinə görə, 6 nəfər dinləyici ilə bələdçi, 15 nəfər dinləyici ilə turoperator-turagent, 13 nəfərlə isə ön büro və qeydiyyat kursu başlayıb. Sonuncu ixtisas üzrə kurslar artıq 4-cü mərhələdir ki, davam edir. Onu da qeyd edək ki, ön büro və qeydiyyat kursunu hotel üzrə mütəxəssis Müzəffər Ağakərimov, bələdçi kursunu ATİ-nin müəllimləri Əlixan Mürvətov və Bahadur Bilalov, turoperator-turagent kurslarını isə «Millennium» turizm şirkətinin rəhbəri Ruslan Quliyev aparır.
   E.Aslanov turizm üzrə peşə məktəbinin də yaxın vaxtlarda fəaliyyətə başlayacağını bildirdi. Onun sözlərinə görə, artıq 11 saylı Bakı Peşə Məktəbi müvafiq qurumların razılığı ilə turizm üzrə peşə ixtisaslı kadrlar hazırlamaq üçün ATİ-nin Milli Təlim Mərkəzinə verilib.
   Söhbət əsnasında prorektor ATİ-də doktoranturaya sənəd qəbulu mərhələsinin yekunlaşması haqda da məlumat verdi. E.Aslanov bildirdi ki, 8 ixtisas üzrə 17 yerə 29 nəfər sənəd verib. Oktyabrın 19-dan 22-dək fəlsəfə, xarici dil və ixtisas üzrə imtahanlar keçiriləcək. Sənəd verənlər ATİ-nin əməkdaşları və ayrı-ayrı dövlət orqanlarında, ali məktəblərdə, həmçinin Mədəniyyət və Turizm Nazirliyi sistemində gənc mütəxəssis kimi işləyən şəxslərdir. Oktyabrın 24-də imtahanların nəticələri açıqlanacaq.