İyunun 26-da Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə “Qarabağ gecəsi” adlı xeyriyyə konserti keçiriləcək.

Konsertdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Qarabağ Dirçəliş Fondu müşahidə şurasının üzvü, Xalq artisti Fərhad Bədəlbəyli, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbər və baş dirijoru, Xalq artistləri Fəxrəddin Kərimov, Samir Cəfərov, Əməkdar artistlər Aygün Zeynalova, Aygün Bəylər, Arzu Əliyeva, Ceyla Seyidova, “Muğam” televiziya müsabiqəsi qalibləri Günay İmamverdiyeva, Babək Şuşalı və ifaçı Cəlal Kərimov çıxış edəcəklər.

Bədii hissədən sonra filarmoniyanın yay zalında rəsmi ziyafət olacaq.

Konsert və ziyafət üçün biletləri Qarabağ Dirçəliş Fonduna müraciət edərək, həmçinin “iTicket.az” saytından və satış məntəqələrindən əldə etmək mümkündür.

Konsertdən əldə olunan vəsait işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlərə yönəldiləcək.