Xəbər verdiyimiz kimi, 6-7 iyul tarixlərində Heydər Əliyev Mərkəzinin parkında 4-cü “Bakı Yay Caz Günləri” keçiriləcək.

“Bakı Yay Caz Günləri” (Baku Summer Jazz Days) festivalı pandemiya səbəbindən yaranmış ikiillik fasilədən sonra fəaliyyətini bərpa edir. Əvvəlki festivalların iştirakçılarının coğrafiyasına İsveçrə, Fransa, İsrail, Gürcüstan, ABŞ, Türkiyə, Macarıstan, Rusiya kimi ölkələr daxil idi. Layihə çərçivəsində  Avichai Kohen, Erik Eruffaz, Jacky Terrasson, Stephane Belmondo, Nik West kimi məşhur musiqiçilər Bakıda ilk dəfə çıxış ediblər.

Caz musiqisi pərəstişkarları üçün növbəti sənət bayramını amerikalı caz pianoçusu və bəstəkarı Emmet Kohen öz triosu ilə açacaq.

Trionun rəhbəri – Amerika Piano Assosiasiyasının, 2019-cu il “Amerika Pianoçuları Mükafatı”nın sahibi Emmet Kohen eyni zamanda pedaqoqdur və bütün yaş qruplarından olan tələbələrinə dinləyici ilə ünsiyyət sənətini öyrədir. O, Nyuport, Monterey və Rotterdamda keçirilən caz festivallarında, eləcə də Nyu-Yorkdakı Rose Hall və Vaşinqtondakı Kennedi Mərkəzi kimi bir çox məşhur musiqi məkanlarında çıxış edib.

İyulun 7-də proqram məşhur İsveç-Türkiyə saksofonçusu, bəstəkar, aktyor, prodüser İlhan Erşahinin kvartetinin çıxışı ilə davam edəcək. Stokholmda böyüyən və 1990-cı ildən Nyu-Yorkda yaşayan musiqiçi Wallace Rooney, Joe Lovano, Jeff Williams, Cameron Brown, Viktor Lewis kimi ifaçılarla birlikdə çıxış edib. O, Bakıda Türkiyədən olan cazmenlərin çıxış edəcəyi “İstanbul Sessions” layihəsini təqdim edəcək.

Hər iki gün festival səhnəsində Azərbaycanın caz qrupları da yer alacaq.

Diana Hacıyeva müasir Azərbaycan caz səhnəsinin istedadlı nümayəndələrindən biridir. Müğənni, musiqi prodüseri və bəstəçi kimi fəaliyyət göstərərək müxtəlif heyətlərlə çıxış edir. 2012-ci ildən “DiHaj” adı altında çıxış edən musiqi heyətinin prodüseridir.

Firudin Həmidov gənc nəslə aid olan caz trumpet ifaçısı və bəndlideridir. Hazırda Azərbaycanın ən tanınmış gənc heyətlərindən biri olan “H3 Collective”in yaradıcısı və rəhbəridir. “H3 Collective” və F.Həmidov əsasən eysid-caz, fank-caz, hip-hop və digər müasir caz istiqamətlərində çalışır.

Festival Heydər Əliyev Mərkəzi, Mədəniyyət Nazirliyi və “Premier LTD” şirkətinin təşkilatçılığı ilə keçiriləcək. Yunus Əmrə İnstitutu (Türkiyə) da festivala dəstək verir.

Konsertlərin ictimaiyyət üçün əlçatan olması və bununla da Bakı caz ənənələrinin geniş tamaşaçı auditoriyası üçün canlandırılması festivalın əsas məqsədidir. Heydər Əliyev Mərkəzinin parkında açıq havada təşkil olunacaq konsertlərə giriş sərbəstdir.