Gələn il Bakıda keçiriləcək «Eurovision» müsabiqəsi Avropada ölkəmizə diqqəti daha da artırıb
   
   Noyabrın 7-dən 10-dək Böyük Britaniyanın paytaxtı Londonda «World Travel Market 2011» beynəlxalq turizm sərgisi keçirilib. Sərgidə ölkəmiz mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi geniş nümayəndə heyəti ilə təmsil olunub. Heyətə nazirliyin Turizm şöbəsinin əməkdaşları, ölkəmizdə fəaliyyət göstərən 9 turizm şirkəti və bir mehmanxananın nümayəndəsi daxildir.
   
   Nümayəndə heyətində yer alan «Millennium Tourism & Congress DMC»nin rəhbəri Ruslan Quliyevin qəzetimizə verdiyi məlumata görə, «World Travel Market 2011» beynəlxalq turizm sərgisi Londonun “ExCeL” kompleksində keçirilib. Hər il olduğu kimi, budəfəki sərgidə də dünya turizm biznesinin aparıcı nümayəndələri iştirak edirlər. Sərgidə dünyanın 170-dən çox ölkəsi təmsil olunub.
   «World Travel Market»in rəhbəri Fiona Cefferi tədbirin açılış mərasimində çıxış edərək bildirib ki, hazırda turizm biznesi dünya iqtisadiyyatının ən önəmli sahələrindən biridir və dünya üzrə ÜDM-in 9 faizini təşkil edir. Onun sözlərinə görə, London sərgisi artıq dünya biznesində özünəməxsus yer tutur. Builki sərgidə dünya ölkələrindən 5 mindən çox şirkət iştirak edir.
   Məlum olduğu kimi, hər il turizm ictimaiyyəti tərəfindən noyabrın 10-da Dünya Məsuliyyətli Turizm Günü (World Responsible Tourism Day) qeyd edilir. R.Quliyevin sözlərinə görə, bu münasibətlə London sərgisində Dünya Turizm Təşkilatı geniş toplantı keçirib. Azərbaycan nümayəndə heyətinin rəhbəri, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov sərgi çərçivəsində təşkil olunan Dünya Turizm Təşkilatına üzv ölkələrin nazirlər sammitində, habelə İpək Yolunun əsas turlarının təqdimatına həsr olunmuş tədbirdə iştirak edib.
   Qeyd edək ki, London sərgisində Azərbaycanın turizm təbliğatının lazımi səviyyədə qurulması üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 60 kvadrat metrlik lövhə icarəyə götürülüb. Burada informasiya və dizayn baxımından maraqlı stend qurulub. Ölkəmizin mədəni və tarixi abidələri, turizm obyektləri, görməli yerləri xüsusi hazırlanmış reklam vasitələrinin köməyi ilə ziyarətçilərə təqdim olunub. Azərbaycan haqqında informasiya çarxları nümayiş etdirilib. Ziyarətçilərə respublikamızın mədəni və tarixi abidələrini, mehmanxana və turizm obyektlərini, görməli yerlərini əks etdirən reklam materialları paylanıb.
   R.Quliyevin sözlərinə görə, bu il ölkəmizin turizm obyektlərinə maraq daha genişdir: «Bu maraq da ilk növbədə 2012-ci ildə Bakıda «Eurovision» mahnı müsabiqəsinin keçiriləcəyi ilə əlaqədardır. Sərgidə yeni tur məhsullarının təqdimatı, Azərbaycan hotellərinin beynəlxalq onlayn siyahıya daxil edilməsi ilə əlaqədar bir neçə Britaniya şirkəti ilə müzakirələr aparıldı. Azərbaycan turizm sənayesi Böyük Britaniya, Fransa, Almaniya, Hollandiya turizm bazarı ilə əməkdaşlıqda maraqlıdır».
   Həmsöhbətimiz onu da bildirdi ki, London sərgisi dünyanın ən böyük sərgilərindən biridir və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin bu sərgiyə xüssusi diqqət ayırması sevindirici haldır: «Bununla biz, özəl sektor nümayəndələrinə də öz turizm məhsulumuzu dünya səviyyəsində nümayiş etdirmək imkanı yaradılır. London sərgisi Pekin sərgisindən sonra dünyada öz böyüklüyünə görə ikinci sərgi hesab edilir. Burada dünyanın əksər ölkələrindən turizmin bütün növləri üzrə mütəxəssislər, həm daxili, həm xarici turizm fəaliyyəti ilə məşğul olan, eyni zamanda onlayn-rezervasiya sistemlərini təmsil edən şirkətlərin nümayəndələri iştirak edirlər. Bu baxımdan sərgidə ölkəmizin geniş tərkibdə təmsil olunması yeni texnologiyaların Azərbaycanda tətbiq edilməsinə gözəl bir zəmin yaradır».
   Qeyd edək ki, Azərbaycan “World Travel Market” sərgisində 2001-ci ildən iştirak edir.

   Fəxriyyə Abdullayeva