1963-cü ildə çəkilən filmin yeganə nüsxəsi bərpa olunub
Bu il aktrisa, kinorejissor, ssenarist Zeynəb Kazımovanın (1912-1984) anadan olmasının 110 illik yubileyidir.
Azərbaycan Dövlət Film Fondunda aktrisanın kino irsi araşdırılan zaman onun bu günədək geniş tamaşaçı kütləsinə məlum olmayan “Axırıncı namaz” filmi aşkara çıxarılıb.
Fonddan bildirilib ki, 1968-ci ildə Moskvada çapdan çıxmış “Sovet bədii filmləri. Annotasiyalı kataloq”un 1958-1963-cü illərdə çəkilmiş filmləri əhatə edən IV cildində (səh. 607) rejissorun 1963-cü ildə “Axırıncı namaz” adlı ikihissəli qısametrajlı bədii film çəkdiyi qeyd olunub.
Daha sonra araşdırmalar davam etdirilib və filmin yeganə nüsxəsinin Naxçıvan Dövlət Film Fondunun bazasında olduğu müəyyən edilib. Həmin nüsxə Azərbaycan Dövlət Film Fondunda elektron formatda bərpa olunub.
C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında çəkilən ekran əsərinin rejissoru Zeynəb Kazımova, operatoru Əsgər İsmayılov, rəssamı Məmmədağa Hüseynov, bəstəkarı Zakir Bağırovdur. Filmdə Ağadadaş Qurbanov, Möhsün Sənani, Ətayə Əliyeva, Münəvvər Kələntərli kimi tanınmış sənətkarlar çəkiliblər. M.Kələntərlinin “Axırıncı namaz”da oynadığı epizodik rol görkəmli aktrisanın kinoda son işi olub.
Lalə