“Şuşa İli” çərçivəsində konsert təşkil edilib
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə elan olunmuş “Şuşa İli” çərçivəsində ölkəmizin hüdudlarından kənarda da müxtəlif layihələr, tədbirlər həyata keçirilir.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycanın Belçikadakı Səfirliyi tərəfindən Brüsselin BOZAR İncəsənət Sarayında ustad xanəndə Xan Şuşinskinin xatirəsinə həsr edilmiş “Azərbaycan muğamı” adlı konsert təşkil olunub.
Konsertdə Xalq artisti, xanəndə Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam qrupu çıxış edib. Xanəndəni tarda Xalq artisti Elçin Həşimov, kamançada Əməkdar artist Elnur Əhmədov və nağarada Əməkdar artist Kamran Kərimov müşayiət ediblər. Proqramda Azərbaycan muğamları ilə yanaşı Xan Şuşinskinin müəllifi olduğu mahnılar, Fikrət Əmirovun, Üzeyir Hacıbəylinin əsərlərindən nümunələr, xalq mahnıları dinləyicilərə təqdim olunub.
Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov tədbirdə çıxış edərək tamaşaçılara dünya mədəniyyətinə əvəzsiz töhfə vermiş Şuşa şəhərinin görkəmli şəxsiyyətləri haqqında danışıb. “Xan Şuşinski Fondu”nun rəhbəri və sənətkarın qızı Bəyimxanım Verdiyeva atasının sənət yolundan söz açıb, Şuşa ilə bağlı xatirələrini bölüşüb. Ustad xanəndənin “O olmasın, bu olsun” filmində ifa etdiyi “Şahnaz” muğamından fraqment nümayiş olunub.
Belçikada yaşayan pianoçu-musiqişünas, “Fikrət Əmirov Beynəlxalq Assosiasiyası”nın rəhbəri və bəstəkarın nəvəsi Nəzrin Əfəndiyeva Azərbaycan muğamı, Qarabağ muğam məktəbi haqqında çıxış edib.
Tədbir çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış “Şuşanın mədəniyyət inciləri” layihəsi çərçivəsində eyniadlı fotosərgi də nümayiş olunub. Sərgidə Şuşanın mədəniyyət və tarixi abidələrini, geyimlərini, xalçalarını və bu şəhərin yetirdiyi görkəmli ədiblərin, musiqiçilərin həyatını əks etdirən fotoşəkillər yer alıb.
Tədbirdə Belçika Parlamentinin və Avropa Parlamentinin üzvləri, Avropa İttifaqı qurumlarının, diplomatik korpusun, mədəniyyət dairələri və yerli media nümayəndələri ilə yanaşı, Benelüks ölkələrində yaşayan soydaşlarımız da iştirak ediblər.