Diplomatik əlaqələrin 30 illiyi münasibətilə

 

Bu il Azərbaycanla Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının (7 sentyabr 1992-ci il) 30 illiyi tamam olur. Bu münasibətlə iyulun 18-də Yaponiyanın məşhur pianoçu və bəstəkarı Nakamura Tempeyin Bakıda, Beynəlxalq Muğam Mərkəzində (BMM) konserti keçirilib.

Konsert Yaponiyanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə gerçəkləşib.

Konsertdən əvvəl jurnalistlərə müsahibə verən Yaponiyanın ölkəmizdəki səfiri Cuniçi Vada bu ili həm də Yaponiya-Azərbaycan arasında dostluq ili kimi xarakterizə edib. O, il ərzində bir sıra tədbirlərin keçiriləcəyini bildirib: “Bu həftəsonu Dənizkənarı Milli Parkda “Çərpələng festivalı”, qarşıdakı aylarda “Budo” – yapon döyüş sənətləri festivalı nəzərdə tutulub.

Diplomat bildirib ki, Nakamura Tempei Avropa turu çərçivəsində Cənubi Qafqaz regionuna ilk dəfə olaraq gəlib. Vurğulayıb ki, ifaçı Yaponiyanın UNESCO-ya daxil olan bütün irs məkanlarını gəzərək dəfələrlə xeyriyyə konserti verib.

Qeyd olunub ki, yaxın gələcəkdə səfirlik yapon musiqisini muğamla sintez etmək üçün ölkəsinin tanınmış ifaçılarını Azərbaycana dəvət edəcək.

Sonra konsert proqramı təqdim olunub.

Nakamura Tempei konsertdə Yaponiya və dünyanın aktual məsələlərini əks etdirən unikal musiqi parçalarını səsləndirib.

İfaçı “Şansı qaçırma”, “Əjdahanın göz yaşları”, “Montmartredə sevgi hekayəsi”, “Sevginin ölümü”, “Şanlı şeypur” və COVID-19-a həsr etdiyi “Pandemiyanın əlaməti”, “Qəmgin karantin günləri”, “Təcrid” əsərlərini təqdim edib.

Konsertin sonunda yapon musiqiçinin Azərbaycanın Dövlət Himnini ifa etməsi isə musiqi axşamına xüsusi rəng qatıb. Tamaşaçılar ayağa qalxaraq pianoçu ilə birlikdə himnimizi iftixarla səsləndiriblər.

Qeyd edək ki, BMM və Yaponiyanın Azərbaycandakı Səfirliyi arasında imzalanmış mədəni əməkdaşlıq haqqında memoranduma əsasən, qarşıda səfirliklə birlikdə yeni layihələr nəzərdə tutulur.

Lalə