İyulun 18-də Türkiyənin Bayburt şəhərində ənənəvi “Beynəlxalq Dədə Qorqud Mədəniyyət və Sənət Festivalı başlanıb. Festival 26-cı dəfə keçirilir.

Əvvəlcə Bayburtda Gənc Osman məhəlləsi Akşemsettin küçəsində yerləşən Dədə Qorqud məzar-türbəsi ziyarət edilərək önünə əklil qoyulub. Sonra Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün abidəsi önünə əklil qoyulub.

Tədbir Mehteran orkestrinin müşayiəti altında şəhərin mərkəzi prospektində kortej yürüşü ilə davam edib. Masat yaylağında çıxışlardan və bədii hissədən ibarət proqram gerçəkləşdirilib.

Festivalın rəsmi açılışında Bayburt Bələdiyyəsinin başqanı Hükmü Pekmezci, vali Cüneyt Epcim, Bursa Böyükşəhər Bələdiyyəsinin başqanı Alinur Aktaş, Türkiyə Böyük Millət Məclisinin üzvləri Sadir Durmaz, Fetani Battal, Gökhan Zeybek, Ankara Hacı Bayram Veli Universitetinin dekanı Gültekin Akenginin çıxışları dinlənilib.

Sadir Durmaz bildirib ki, Bayburt milli mədəniyyətin canlı şəkildə qorunduğu qədim türk yurdudur: “Dədə Qorqudun Bayburt üçün xüsusi yeri var. Bayburt təkcə Dədə Qorqud coğrafiyası daxilində yerləşən bir vilayət deyil, məkan mənasında Dədə Qorqudu yaşadan bir şəhərdir”.

Çıxışlarda diqqətə çatdırılıb ki, Türk dünyasının, xalqlarımızın ortaq dəyəri olan Dədə Qorqud irsinin öyrənilməsi gənc nəslin düzgün tərbiyə olunmasında əvəzsiz mənəviyyat qaynağıdır. Dədə Qorqud şəxsiyyəti və bu mövzuda yaradılan əsərlər əsrlərə işıq salan milli-mənəvi gücümüzün, çoxşaxəli mədəniyyətimizin göstəriciləridir. Çıxış edənlər Dədə Qorqudun türk xalqlarının ortaq dəyəri olmasını mənəvi dünyamızın zənginliyi kimi xarakterizə ediblər.

Ənənəvi olaraq təşkil edilən festivalın məqsədi Türk dünyasının ortaq dəyərlərindən olan Dədə Qorqud irsi ilə bağlı görülən işlərə nəzər salmaq, bu sahədə yaradılan əsərlərlə bağlı fikir mübadiləsi aparmaq, tarixi irsimizlə bağlı qarşıda duran vəzifələri müəyyənləşdirməkdir.

Açılış mərasimi xalq rəqsləri kollektivlərinin çıxışları ilə yekunlaşıb.

Beş gün davam edəcək 26-cı Beynəlxalq Dədə Qorqud Mədəniyyət və Sənət Festivalının proqramına Türk dünyası ilə bağlı müxtəlif sərgilər də daxildir.

İyulun 19-da Bayburtun “Çoruh” Mədəniyyət Mərkəzində kitab və rəsm sərgiləri açılıb. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən qurulan sərgilərin açılışında Bayburtun rəhbər şəxsləri, festival iştirakçıları, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycan Mədəniyyət Nazirliyinin TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı TÜRKSOY-un fəaliyyəti, eləcə də Dədə Qorqud mövzusunda həyata keçirdiyi layihələr barədə geniş məlumat verib.

Sonra TÜRKSOY-un nəşri – tanınmış yazıçı və tərcüməçi Kenan Çarboğanın “Qorqudnamə” əsəri Bayburt Bələdiyyəsinin başqanı Hükmü Pekmezci, vali müavini Göksel Yüksel, eləcə də millət vəkillərinə təqdim olunub.

Azərbaycan da daxil olmaqla, Türk dünyasının görkəmli rəssamlarının Dədə Qorqud mövzusunda çəkdikləri əsərlər, eləcə də nəşrlər iyulun 23-dək nümayiş olunacaq.

Qeyd edək ki, Azərbaycan Prezidenti Heydər Əliyevin imzaladığı müvafiq fərmanla (20 aprel 1997-ci il) “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi 2000-ci ildə Bakıda türkdilli ölkələrin yüksək nümayəndə heyətlərinin iştirakı ilə təntənəli şəkildə qeyd edilib.

2018-ci ildə Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə təqdim etdiyi “Dədə Qorqud irsi: dastan mədəniyyəti, xalq nağılları və musiqisi” nominasiya faylı çoxmillətli mədəniyyət nümunəsi kimi UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Bayburtda iyulun 23-dək davam edəcək festival çərçivəsində təşkil olunacaq panel müzakirələrdə Azərbaycanda Dədə Qorqud irsinin öyrənilməsi, bu mövzuda yaradılan ekran əsərləri, nəşr olunan kitablar və sair barədə də məlumat veriləcək.

Mehparə Sultanova
Ankara