Eldar Aslanov: «2016-cı ilə qədər TEDQUAL sertifikatını almağı hədəf götürmüşük»
   
   Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin bu günlərdə Bakıya gerçəkləşdirdiyi səfər çərçivəsində Azərbaycan Turizm İnstitutu ilə qurum arasında əməkdaşlıqla bağlı yeni anlaşmalar əldə edilib.
   
   Bu barədə qəzetimizə məlumat verən ATİ-nin prorektoru Eldar Aslanov institutun Dünya Turizm Təşkilatının assosiativ üzvü kimi qurumun tədbirlərində iştirak etmək hüququ olduğunu dedi: “Taleb Rifai Bakıya səfəri zamanı institutumuzda oldu. Görüş əsnasında o, ATİ-nin rektoru Cəfər Cəfərovu DTT-nin baş qərargahına dəvət etdi. Hazırda institutda bununla bağlı işçi qrup yaradılıb, DTT ilə mümkün əməkdaşlıq istiqamətləri ilə bağlı təkliflər hazırlanır».
   Prorektorun sözlərinə görə, bu istiqamətlərdən biri DTT və Turizm İnstitutu mütəxəssislərinin Cənubi Qafqaz, Mərkəzi Asiya, keçmiş sovet ölkələri, türkdilli respublikalar və qonşu ölkələrin turizm imkanları barədə birgə tədqiqat aparmaqdır: «ATİ-nin Tədqiqat və İnkişaf Mərkəzinin bu yöndə artıq müəyyən təcrübəsi var. Tədqiqatlarımızın üstünlüyü ondadır ki, biz bilavasitə bazarı araşdırıb, orada hansı dəyişiklik və yeniliklər tətbiq etməyin lazım olduğunu müəyyənləşdiririk ki, orada daha çox uğurlar əldə edilsin. Ona görə də DTT-nin baş katibi təklif etdi ki, qurum ilə ATİ arasında bu istiqamətdə əməkdaşlıq qurulsun”.
   Turizm İnstitutunun Dünya Turizm Təşkilatı ilə əməkdaşlığının ikinci istiqaməti treninqlərdir. Prorektor bildirdi ki, DTT-nin həm mərkəzi qərargahında, həm regional ofislərində müxtəlif treninqlər keçirilir: “Turizm İnstitutunun da əlaqədə olduğu müxtəlif təşkilatlar var. Məsələn, Azərbaycan Turizm Assosiasiyası, «Skal Baku İnternational» və s. DTT ilə əməkdaşlıq sayəsində həm bu qurumların, həm də ayrı-ayrı turizm şirkətlərinin DTT-nin təşkil etdiyi treninqlərdə iştirakı təmin olunacaq. Belə treninqlər hər ay dünyanın müxtəlif ölkələrində keçirilir”.
   Üçüncü istiqamət isə təcrübə proqramlarıdır. DTT-nin mərkəzi qərargahında ATİ-nin əməkdaşlarının və tələbələrinin təcrübə keçməsi ilə bağlı ilkin razılıq əldə edilib.
   Prorektor DTT ilə yaxından əməkdaşlığın Turizm İnstitutuna verəcəyi üstünlüklərdən də danışdı: «Bu üç istiqamətdə əməkdaşlıq səviyyəsində bizim konkret hədəflərimiz var. Bu bizim strateji planımızda da əksini tapıb. Biz 2016-cı ilə qədər ATİ-nin TEDQUAL sertifikatını almasını hədəf götürmüşük. TEDQUAL sertifikatı turizm təhsili sahəsində beynəlxalq təhsil sənədidir. Dünyanın 20-yə yaxın turizm təhsili verən universiteti bu sənədi alıb. MDB məkanında TEDQUAL sertifikatını alan ali məktəb yoxdur. Biz bununla bağlı proseslərə hələ 2008-ci ildən başlamışıq. Digər tərəfdən isə Turizm İnstitutu olaraq nəinki Azərbaycanın, Qafqaz və Mərkəzi Asiya bölgəsində Dünya Turizm Təşkilatının treninq mərkəzi olmaq mandatını əldə etmək istəyirik. Belə bir təcrübə var. DTT dünyanın bir neçə ölkəsində universitetləri özünün regional təlim bazası elan edib. Bu nə üçün lazımdır? Əvvəla, bu bizə beynəlxalq status verəcək. Eyni zamanda isə regionda turizm sahəsində keçiriləcək beynəlxalq seminarlar, konfranslar, treninqlər ATİ-də mərkəzləşmiş şəkildə təşkil olunacaq». 
   

   Fəxriyyə Abdullayeva