Müğənni, aktrisa və xoreoqraf Səbinə Quluzadə Belarusun Vitebsk şəhərində 31-ci “Slavyan bazarı” musiqi festivalı çərçivəsində keçirilən “Vitebsk – 2022” beynəlxalq estrada mahnısı ifaçılarının müsabiqəsində diploma layiq görülüb. 13-18 iyul tarixində keçirilən builki festival “Sənət vasitəsilə – sülhə və qarşılıqlı anlaşmaya!” devizi ilə gerçəkləşib.

14 ölkədən nümayəndənin iştirak etdiyi müsabiqənin ilk günündə Səbinə Quluzadə Rusiyanın tanınmış müğənnisi Vladimir Presnyakovun repertuarından İqor Nikolayevin bəstəsi olan “Sən orada deyilsən” mahnısını ifa edib. İfadan sonra tamaşaçılara Bakı haqqında danışan müğənni hər kəsi vətənini daha yaxından tanımağa dəvət edib.

Müsabiqənin ikinci günündə isə həmyerlimiz amerikalı müğənni Demi Lovatonun “Confident” mahnısı ilə səhnəyə çıxıb.

Münsiflər heyətinin qərarı ilə “Vitebsk – 2022”nin qalibləri Anna Trubetskaya (Belarus) və Marta Verecçia (İtaliya) seçilib.

Lalə