Zərb çalğı alətlərinin kökləri çox-çox qədimlərə, ibtidai yaşayış dövrlərinə gedib çıxır. Həmin dövrlərdə insanlar müəyyən vasitələrlə ritmlər yaratmışlar. Bu alətlərin müxtəlif növləri Azərbaycan ərazisində də tarixən çox geniş yayılıb və xalqımızın mədəni həyatında özünəməxsus rol oynayıb.

Dünyada ən qədim insan məskənlərindən olan Qobustan qoruğundakı Cingirdağın ətəklərində on-on iki min il əvvəllərə aid edilən qaya rəsmləri ilə yanaşı, “qavaldaş” adlanan böyük bir qaya parçası da var. Bu qayanı daş parçası və yaxud hər hansı bir cisimlə döyəclədikdə qavalın tembrinə uyğun səslər alınır. Belə güman edilir ki, həmin qaya parçası ulu əcdadlarımız tərəfindən zərb aləti kimi istifadə olunduğundan bu günümüzə “qavaldaş” adı ilə gəlib çatıb. Qavaldaş bu gün də zərb alətlərinə xas olan keyfiyyətlərini saxlamaqdadır.

Zərb çalğı alətləri arasında ən geniş yayılanı nağaradır. Xalqımızın adət və ənənələrinin, toy-bayram şənliklərinin aparıcı çalğı alətlərindən sayılan nağaranın bir sıra növləri mövcuddur Nağaralar arasında ən çox yayılanı qoltuq nağara və qoşanağara hesab edilir.

Tanınmış nağaraçı, Əməkdar artist Kamran Kərimov “nağara” sözünün ərəbcə “nəqarə” sözündən götürüldüyünü, mənasının “döyəcləmək”, “vurmaq” olduğunu bildirir. Deyir ki, musiqidə nəqərat hissəsi olur – yəni eyni notlar təkrar olunur. “Nəqərat” sözünün də mənşəyi “nəqarə” sözündəndir və eyni bir anlama gəlir.

***

Nağara alətinin ölkəmizdə tanınmış ifaçıları olub. Onlar nağaranı milli alət olaraq inkişaf etdirib ifaçılıq sənətimizin nəsildən-nəslə ötürülməsində müstəsna xidmətlər göstəriblər. Nağara, “qavaldaş” deyiləndə, sözsüz ki, ilk olaraq unudulmaz ifaçı, bu il anadan olmasının 90 illiyi tamam olan Əməkdar artist Çingiz Mehdiyev yada düşür.

Çingiz Mehdiyev 1932-ci il yanvarın 27-də Bakıda ziyalı ailəsində dünyaya gəlib. Uşaq yaşlarından ritmə marağı olsa da, valideynləri onu həkim görmək istəyirdilər. Lakin Çingizin ritmə olan həvəsi onu öz sevdiyi sənətə sarı yönəldir. Atasının ona aldığı qoşanağara Azərbaycana gələcəkdə qavaldaşını “dilə gətirən” Çingiz Mehdiyevi bəxş edir.

Əfsus ki, sənətkarın həyatında 30-cu illər repressiya maşının izlərini də qeyd etməliyik. O, 6 yaşında olarkən atası – Xalq Təsərrüfatı İnstitutunun dekanı Həsənbala Mehdiyev həbs olunub güllələnir. Üç körpə uşaqla anası Zəkiyyə xanım Tiflisə qaçır. İkinci Dünya müharibəsi başlanandan sonra Zəkiyyə xanım uşaqları ilə Bakıya qayıdır. Babası Çingizi Üzeyir Hacıbəylinin yanına aparır. Üzeyir bəy onu violonçel sinfinə götürür. Çingiz bu aləti sevmir, nağara çalmaq arzusu ona rahatlıq vermir. Orta məktəbi bitirəndən sonra isə anası onu Tibb İnstitutuna çəkib aparsa da, “xalq düşməni”nin oğlunun sənədlərini o instituta götürmürlər.

Çingiz təhsilini zərb alətləri üzrə davam etdirir. Tədbirlərdə, musiqi axşamlarında onun nağara ifası artıq diqqət çəkməyə başlayır. Görkəmli bəstəkar Qara Qarayevin təkidi və köməyi ilə Azərbaycan Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyası) daxil olur. Konservatoriyada Həsən Rzayevin sinfində təhsil alır. Həmin dövrdə tələbə-gənclər arasında beynəlxalq festivallarda üç dəfə qalib olur. Maestro Niyazi onu “ritmlər aləmi” adlandırırmış.

 

Tamaşaçı alqışları həmişə onu səhnəyə qaytarırdı...

 

Sənətkarı 90 illik yubileyi münasibətilə vaxtilə onunla birlikdə çalışmış ifaçıların xatirələrinin işığında da yada salaq.

 

Xalq artisti, kamança ifaçısı Şəfiqə Eyvazova: “1959-60-cı illərə qayıtmaq istərdim. O vaxt mən hələ musiqi məktəbində oxuyurdum. “Ümumi Bakı məktəbləri” adlı ansambl yaradılırdı. 12 nömrəli musiqi məktəbində bütün uşaqlar sınaqdan keçirdi. Həmin konsertdə mən də iştirak edirdim və istedadlı uşaqları Çingiz müəllim seçirdi. O vaxt məni həmin ansambla üzv götürdü. Rəhbərliyi ilə çox gözəl konsertlər hazırlayırdıq. Sonradan isə onunla eyni səhnələri bölüşürdük. 1981-ci ildə Respublika Sarayında qurultaydan sonra böyük konsert proqramı təqdim edildi. Həmin proqramda görkəmli ifaçılar Aftandil İsrafilov, Ramiz Quliyev və Çingiz Mehdiyevlə birgə çıxışımız oldu. Bu çıxış bizim birlikdə ən unudulmaz çıxışlarımızdan biridir. Azərbaycanın tanınmış nağara ifaçıları Tahir Hüseynov, Zöhrab Məmmədov Çingiz Mehdiyevin tələbələri idi. Rəhmətlik Gülağa Quliyev də Çingiz məktəbinin davamçısı idi. Çingiz müəllimlə bir-birimizə böyük hörmətimiz var idi. Ailəmiz, yoldaşım Arif Əsədullayevlə onun ruhunu hər zaman əziz tuturuq”.

 

Xalq artisti, tarzən Ramiz Quliyev: “1964-cü ildə filarmoniyaya təzə işə düzəlmişdim. Məşqlərdə, konsertlərdə, iclaslarda tez-tez Çingiz müəllimi görsəm də, şəxsən tanışlığım yox idi. Əliağa Quliyevin ansamblında çalışırdım. Onun fərqli geyimi, xarakteri diqqətimi cəlb etdiyi üçün bir gün Əliağa müəllimdən kim olduğunu soruşdum. Çox alicənab insan idi. Sonradan tanış olduq. 1964-cü ildən 1992-ci ilə kimi filarmoniyada birgə çalışdıq. Tez-tez konsertlərdə birgə çıxışlarımız olurdu. O, konsertlərə öz ifası, səliqəsi və alicənablığı ilə sanki bir ruh gətirirdi. Tamaşaçılar alqışları ilə həmişə sonda onu ikinci dəfə səhnəyə qayıtmağa məcbur edirdilər. Xarici ölkələrdə, mədəniyyət ongünlüklərində birgə çıxışlarımız olub. Ukrayna, Özbəkistan, Leninqrad və Moskvada eyni səhnəni bölüşmüşük. Öz ifa üslubu ilə seçilirdi. Görkəmli bəstəkarımız Tofiq Quliyevlə yaxın dostluq münasibətləri vardı. Belə sənətkarları unutmaq olmaz”.

 

Əməkdar artist, nağaraçı Kamran Kərimov: “Bu gün biz nağara ifaçılığında Çingiz Mehdiyevin nəticələri sayıla bilərik. Çingiz Mehdiyev nağara ifaçılığında inqilab edib. Ona qədər nağara ikinci dərəcəli alət hesab olunub. Çingiz Mehdiyev sübut edib ki, nağarada gözəl solo parçalar çalmaq mümkündür və o bu sənətdə ilk “Əməkdar artist” fəxri adı alan musiqiçidir. O, çətin dövrdə yaşayıb-yaradıb, sənəti inkişaf etdirib. Ona görə çətin dövr deyirəm ki, həmin vaxtlarda bu qədər imkanlar, sosial şəbəkələr olmayıb. Buna baxmayaraq, bizə böyük bir mənəvi xəzinə qoyub. Biz onun ifalarından hər zaman bəhrələnmişik. Nağara sənətimizin bugünkü inkişafında onun və bir sıra nağara ifaçılarımızın böyük əməyi var. Çox şadam ki, Çingiz Mehdiyevdən sonra mən də Qavaldaşda ifa etmişəm. Bizim ən ümdə borcumuz bu sənəti qorumağı bacarmaqdır”.

 

Çingiz Mehdiyev ilk dəfə “Tərəkəmə”ni, “Çəngi”ni, “Vağzalı”nı, “Yallı”nı bir-birinə bağlayıb ahəngdar şəkildə nağaranın ritmində əridib. Nağara Çingiz Mehdiyevin əlində zirvələrə ucalıb.

Bu fikirləri isə uzun illər sənətkarla çiyin-çiyinə çalışan nağara ifaçısı Elşən Qasımov deyir: “Çox şadam ki, böyük sənətkarları həm görmüşəm, həm də onlarla birgə çalışmışam. 1978-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olarkən artıq bu sənətdə tanınmış nağara ifaçıları ilə birgə çıxışlarım olmuşdu. Azərbaycanda nağaranın tanınmasında Çingiz Mehdiyevin böyük rolu olub. O, xaricdə ölkəmizi layiqincə təmsil edib. İlk ritm ifaçısıdır ki, fəxri ada layiq görülüb. Bu gün də onun lent yazılarından bəhrələnirik. Çingiz müəllim eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olub. Zöhrab Məmmədov, Tahir Hüseynov və Səlim Quliyev onun tələbəsi və yetişdirmələri kimi Azərbaycan musiqisinə böyük töhfələr veriblər. Zöhrab Məmmədov Rəşid Behbudovun ansamblında uzun illər fəaliyyət göstərib, Səlim Quliyev görkəmli xanəndə Əlibaba Məmmədovun “Humayun” ansamblında, Tahir Hüseynov isə Əhsən Dadaşovun ansamblında ifaçılıq sənətlərini layiqincə davam etdiriblər...”.

***

1978-ci ildə Qobustan qayalarının füsunkar ritmi Çingiz Mehdiyevin sənətində “Qobustan qavaldaşı” kompozisiyasının yaranmasına səbəb olur.

Hacı Ağayevin müəllifi olduğu “Barmaqların möcüzəsi” kitabça-albomunda Çingiz Mehdiyev “qavaldaş”la bağlı xatirələrini belə nəql edir: “1978-ci ildə məni Qobustana çağırdılar. Dedilər ki, xarici qonaqlar gəlib. Dalımca maşın gəlmişdi. Elə bildim konsertə çağırırlar. Nağaramı götürüb yola düşdüm. Tarixi abidələrimizin aşkar edilməsində əvəzsiz xidmətləri olan mərhum alim İsaq Cəfərzadə məni mehriban qarşıladı. O, Qobustan qayaları ilə bağlı rəvayəti danışandan sonra əlindəki daşı qayaların birinə vurdu. Qəribə səslər eşidildi. Mən də, qonaqlar da təəccüb etdik. Mən Qobustan qayalarında çalmağa başladım, xoşagələn ritmlər alındı. Beləliklə, “Qobustan qavaldaş”ı kompozisiyası yarandı...”.

Sonradan Azərbaycan Televiziyası sənətkarın “qavaldaş” ifasını “qızıl fond” üçün lentə alır.

Çingiz Mehdiyev yaradıcılıqla yanaşı, sənətdə davamçılarını da yetişdirirdi. Uzun illər Yasamal rayonunda Pionerlər evində çalışıb. 1970-ci ildə ritm qrupunu yaradıb və təcrübəsini gənc nəslə həvəslə öyrədib. Bu illər ərzində böyük nağaraçalanlar ansamblı yetişdirib.

Yetirmələrindən biri də oğlu Həsən idi. O, kiçik yaşlarından musiqiyə həvəs göstərmiş, atasının sənət yolunu davam etdirmək üçün səylə çalışmış, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdı. İlk dəfə 1982-ci ildə paytaxtdakı Aktyorlar evində Çingiz Mehdiyevin anadan olmasının 50 və yaradıcılığının 30 illiyində ata-oğul dueti  tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdı.

Sonralar Çingiz Mehdiyev oğlu Həsənlə birlikdə bir çox konsertlərdə, mədəni-kütləvi tədbirlərdə çıxış edir. Türkiyədə festivalda ifaları iştirakçıları heyrətə salır. Heç bir mükafat nəzərdə tutulmayan festivalda təşkilatçılar sonda müsabiqənin medalını təsis edib onu Çingiz və Həsən Mehdiyevlərə verirlər...

1992-ci ilin yanvarında filarmoniyada sənətkarın 60 illik yubileyi keçirilir. Həmin ilin 22 fevral tarixində Çingiz Mehdiyev ürək tutmasından dünyasını dəyişir. Ondan 13 il sonra, 2005-ci ildə oğlu Həsən də bu xəstəlikdən vəfat edib.

Lalə Azəri