Heydər Əliyev Fondu və Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən VIII Muğam Televiziya Müsabiqəsi başa çatmaq üzrədir.
Mayın 10-da başlanan, paytaxtda, Bakıətrafı qəsəbələrdə və regionlarımızdakı mədəniyyət ocaqlarından həftədə iki dəfə televiziyada canlı yayımlanan müsabiqədə gənc xanəndələr öz bacarıqlarını nümayiş etdirirdilər. İki qrup olmaqla növbəli şəkildə yarışan iştirakçıları tarzənlər Rəşad İbrahimov və Rüstəm Müslümovun rəhbərliyi ilə ansambl müşayiət edir. Beynəlxalq Muğam Mərkəzinin səhnəsindən iyulun 21-də müsabiqənin son canlı yayımı efirə gedib.
Müsabiqənin icraçı rəhbəri, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi bildirdi ki, müsabiqənin finalında 9 iştirakçı yarışacaq. Gələn həftə isə istirahət həftəsi elan ediləcək. Avqust ayının 5-i və 6-da isə müsabiqənin final və qala-konserti mədəniyyət paytaxtımız Şuşada keçiriləcək.
Qeyd edək ki, müsabiqədə ifaçıları Xalq artistləri Arif Babayev, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Sərdar Fərəcov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Teyyub Aslanov, Əməkdar artist Fərqanə Qasımova və Əməkdar mədəniyyət işçisi İlqar Fəhmidən ibarət münsiflər heyəti qiymətləndirir.
İştirakçı Ülkər Abdullayeva bu həftəyə qədər müsabiqədə iştirakını böyük qürur və fəxr hesab edir. Daşqın Kürçaylı da muğamsevərlərin diqqətini çəkən iştirakçılardandır. Gənc xanəndə son həftəni həyəcan və məsuliyyət dolu dəqiqələr adlandırır. Bütün iştirakçılara uğur arzu edərək layiq olanın qazanmasını istəyir.
Münsif, Xalq artisti Mənsum İbrahimov da fikirlərini bölüşüb: “Bu neçə həftə ərzində tamaşaçıların gözü qarşısında şəffaf şəkildə gənclərin ifasını xalqımıza təqdim etdik. Sona yaxınlaşdıq, güclülərin güclüsü qaldı. Onların hər birinin ifası bizim üçün önəmlidir. Sadəcə, hər bir müsabiqədə olduğu kimi, burada da sona kimi gedən və yarı yolda yorulanlar oldu”.
Lalə Azəri