Tələbələr tarix dərsini çay süfrəsi ətrafında keçiblər
   
   Azərbaycan Turizm İnstitutunun tədris metodikasında mütəmadi olaraq yeniliklər tətbiq olunur. Noyabrın 23-də təhsil ocağında belə yeniliklərdən birinə imza atılıb.
   
   ATİ-nin Beynəlxalq münasibətlər və Regionşünaslıq ixtisasları üzrə təhsil alan birinci kurs tələbələrinin Azərbaycan tarixi fənni üzrə dərsi maraqlı formada - jurnalist-şair Taleh Həmidlə çay süfrəsi ətrafında görüş şəklində keçirilib.
   ATİ-nin professoru, tarix elmləri doktoru Kərim Şükürovun bildirdiyinə görə, tələbələr əvvəlcə bu yeniliyi təəccüblə qarşılayıblar. Lakin sonra müəllimlərinin izahı onların marağına səbəb olub: «Tarix hər şeydən öncə fakt deməkdir. Belə görüşlərdə ictimai fikir və ədəbi-bədii irsimizin güzgüsü sayılan böyük şəxsiyyətlərin tariximizdəki roluna və irsinə nəzər salmaqla mütaliə mədəniyyətimizi inkişaf etdirə bilərik”.
   Kərim Şükürovun sözlərinə görə, jurnalist-şair Taleh Həmidin institut tələbələri ilə görüşü zamanı Azərbaycanın bir sıra tanınmış şəxsiyyətləri, o cümlədən sevilən şairlərinin həyatından maraqlı faktlar söyləyib, özünün jurnalist fəaliyyəti barədə tələbələri məlumatlandırıb.
   Taleh Həmid tələbələrlə görüşdən məmnun qaldığını vurğulayıb və Azərbaycan turizminin inkişafına xidmət edəcək tələbələrlə görüşə imkan yaratdığına görə institutun rəhbərliyinə təşəkkürünü bildirib. Qeyd edək ki, bununla Azərbaycan Turizm İnstitutunda yeni tədris metodikasına start verilib.

Fəxriyyə