Aydın İsmiyev: «Treninqlərin keçirilməsi Azərbaycanda turizmin inkişafına öz töhfəsini verəcək»
   
   Noyabrın 25-də Turizm İnstitutunda Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Türk İşbirliyi və İnkişaf Agentliyi (TİKA) və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə mehmanxana işçiləri üçün keçirilən treninqlərə yekun vuruldu. Beş gün davam etmiş treninqlərin iştirakçılarına sertifikatların təqdim olunması münasibətilə tədbir keçirildi.
   
   Tədbiri Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev açaraq bildirdi ki, turizm dünya iqtisadiyyatında aparıcı sahələrdən birinə və qlobal problemlərin həllinə təsir göstərə bilən amilə çevrilib: «Son illər ölkə rəhbərliyi tərəfindən turizmlə bağlı qəbul edilən qərarlar ümumilikdə qeyri-neft sektorunun inkişafına əlverişli şərait yaratmaqla yanaşı, turizmi iqtisadiyyatımızın prioritet sahələrindən birinə çevirib. Daxili turizm bazarının daha da genişlənməsi və tələbatın artması Azərbaycanda turizm infrastrukturunun güclənməsinə təkan verib. Bununla yanaşı, turizm müəssisələrində çalışanların peşəkarlıq səviyyəsinin artırılmasına ehtiyac var. Bu problemi həll etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və TİKA ilə birgə ölkəmizin turizm sektorunda çalışan mütəxəssislər üçün yemək-içmək servisi və mehmanxana xidməti üzrə təlim-tədris kursları təşkil edir”.
   Şöbə müdiri qeyd etdi ki, bu ilin may-iyun aylarında belə kurslar şimal-qərb regionunda çalışan 120 nəfər üçün İsmayıllı rayonunda, şimal regionunda çalışan 120 nəfər üçün isə Xaçmaz rayonunda keçirilib. Noyabrın 21-25-də isə ATİ-də mehmanxana idarəçiləri, qeyd-qəbul, masa xidməti və xadiməçilik ixtisasları üzrə növbəti kurslar təşkil edilib. Türkiyədən dəvət olunmuş müəllimlər tərəfindən keçirilən kurslarda 40 hoteldən 120-yə yaxın dinləyici iştirak edib. Şöbə müdirinin sözlərinə görə, bu istiqamətdə treninqlərin keçirilməsi mehmanxanalarda xidmət səviyyəsinin yüksəldilməsinə və turizmin inkişafına öz töhfəsini verəcək.
   Türkiyənin Azərbaycandakı səfirinin müavini Kaya Baqqalbaşı bildirdi ki, turizm həm Türkiyənin, həm də Azərbaycanın çox önəm verdiyi bir sahədir. Ona görə də bu istiqamətdə əməkdaşlıq zəruridir: «Aldığım məlumata görə, bu il ərzində türkiyəli mütəxəssislər tərəfindən həyata keçirilən kurslarda 370 dinləyici iştirak edib. Hesablayanda hər günə bir dinləyici düşür. Bu çox yaxşı göstəricidir. Bu il Azərbaycan öz dövlət müstəqilliyinin 20 ilini qeyd edir. Ötən müddətdə qardaş ölkə bütün sahələrdə, o cümlədən də turizm sahəsində çox böyük nailiyyətlər əldə edib. Müstəqilliyin 20-ci ilində «Eurovision» qələbəsinin qazanılması da bu yubileyə bir töhfə oldu. Gələn il Bakıda keçiriləcək müsabiqə zamanı hotellərin qonaqlara layiqli və səviyyəli xidmət göstərməsi hazırda qarşıda duran vacib məsələlərdən biridir. Ona görə də bu təlim kurslarının davamlı olaraq keçirilməsi lazımdır».
   Qeyd edək ki, təlim kurslarını Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin müvafiq bölümlər üzrə mütəxəssisləri Elif Özkan Yərci, Özləm Öyər Mərt, Abdi Dölek və Cezzim Özdemir aparıblar. Elif Özkan Yərci hesab edir ki, paytaxt Bakı «Eurovision» yarışması kimi böyük miqyaslı tədbirə hər sahədə hazır olmalıdır: “Qonaqlara düzgün xidmət, səviyyəli qarşılama və onları məmnun etmək ölkə haqqında çox şey deməkdir. Bizim də məqsədimiz qardaş Azərbaycana bu yarışma öncəsi yardım etməkdir. Beş gün az müddət olsa da, biz təcrübələrimizi, biliklərimizi onlarla bölüşməyə çalışdıq”.
   14 ildir bu işlə məşğul olan Özləm Öyər Mərt isə paytaxtdakı hotellərin kurslara cəlb olunan əməkdaşlarının səviyyəsindən razılığını ifadə etdi. Azərbaycan Turizm İnstitutunda dərs deyən Abdi Dölek və Cezzim Özdemir də təlim kurslarının əhəmiyyətini qeyd etdilər.
   Tədbirin sonunda A.İsmiyev kursların 120 dinləyicisinə sertifikatlar təqdim etdi və onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

   Fəxriyyə Abdullayeva