Musiqiçinin “Planet” adlı yeni albomu da təqdim olunub
15-21 iyul tarixində Fransanın Sete şəhərində “JazzaSete” ənənəvi beynəlxalq caz festivalı keçirilib.
Festivalda ölkəmizi Əməkdar artist, pianoçu və bəstəkar, beynəlxalq müsabiqələr laureatı İsfar Sarabski təmsil edib. Tanınmış cazmen festivalda “Planet” adlı yeni albomunun rəsmi təqdimatını keçirib. O, eyni zamanda rəhbərlik etdiyi trio ilə birlikdə XX əsrin nüfuzlu caz ifaçısı, 14 “Qremmi” mükafatı sahibi, amerikalı pianoçu və bəstəkar Herbi Hankokla eyni səhnəni bölüşüb. Səsləndirilən Azərbaycanın caz musiqiləri böyük alqışlarla qarşılanıb.
Azərbaycanın ilk opera müğənnilərindən Xalq artisti Hüseynqulu Sarabskinin nəticəsi olan İsfar Sarabski 2009-cu ildə keçirilən pianoçuların Montrö Caz Festivalının qalibi olub. Musiqiçi dünyanın “Royal Albert Hall”, “Queen Elizabeth Hall”, “Miles Davis Hall”, “The Konzerthaus” və digər məşhur konsert salonlarında çıxış edib. İsveçrə, Norveç, Fransa, Rusiya, Gürcüstanda keçirilən beynəlxalq festivalların iştirakçısı olub.
Əməkdar artist 2011-ci ildə moskvalı Aleksandr Maşin (zərb alətləri) və Makar Novikovla (kontrabas) bərabər “İsfar Sarabskinin triosu”nu yaradıb.
Lalə