Bəstəkar Azad Zahidin 65 illik yubileyi qeyd olunub
Tarix boyu dünya ordularında döyüşçünün fiziki sağlamlığı, iradi keyfiyyətləri, peşəkarlıq qabiliyyəti ilə yanaşı, onun döyüş ruhu, vətənpərvərlik hissi, mənəvi-psixoloji hazırlığının hansı səviyyədə olması da şərtləndirici amillər kimi nəzərə alınıb. İstər döyüşqabağı, istərsə də döyüşlərdə şairlər, aşıqlar zaman-zaman öz xeyir-duaları, söz və ifa etdikləri cəng havaları ilə igidləri düşmən üzərində qələbə çalmağa ruhlandırıb, onların şücaətinə, qəhrəmanlığına dastanlar bağlayıb, şan-şöhrətlərini el-obaya yayıblar.
Azərbaycanın folkloruna nəzər salsaq görərik ki, xalq qəhrəmanlarımız bir əlində qopuz, saz, bir əlində isə qılınc, şeşpər savaş meydanına atılıb. Bəzən hərbə-zorbaları ilə düşməni elə sındırıb ki, qılıncı işə salmağa belə ehtiyac duyulmayıb.
1941-1945-ci illər müharibəsində məşhur “Müqəddəs müharibə” mahnısı (söz: V.Lebedev-Kumaç, musiqi: A.Aleksandrov) milyonları bir bayraq altına toplamadımı?! Xalq şairi Səməd Vurğunun “Bilsin ana torpaq, eşitsin Vətən, Müsəlləh əsgərəm mən də bu gündən!” misraları, Üzeyir Hacıbəylinin, Səid Rüstəmovun musiqi əsərləri, Bülbülün, Xan Şuşinskinin ifa etdikləri mahnılar müharibənin ilk günündən döyüşən ordunu qələbəyə ruhlandırmırdımı?!
Bu gün Azərbaycan Ordusunun döyüş ruhu, vətənpərvərlik hissi yüksəkdir. Ordumuzu tarixi Zəfərə aparan bu hiss, bu duyğu idi. Müzəffər Ali Baş Komandan İlham Əliyev respublikamızın ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə qazanılan möhtəşəm Qələbədən danışarkən əsgər və zabitlərimizin döyüş ruhunun, vətənpərvərlik hissinin, mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə olduğunu dəfələrlə qeyd edib.
Hər bir Vətən əsgərində milli ruhun, ləyaqət və Vətən sevgisinin aşılanmasında ədəbiyyat və incəsənət xadimlərinin müstəsna xidmətləri var.
Bu barədə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən “Mənim də silahım nəğmələr idi” adlı vətənpərvərlik tədbirində ətraflı söhbət açılıb, Zəfər nəğmələri və Qələbəyə ruhlandıran şeirlər səsləndirilib.
Tədbir klassik musiqimizin korifeyi Qara Qarayevdən dərs almış istedadlı bəstəkar, bu günlərdə (27 iyul) 65 yaşı tamam olan Azad Zahidin yaradıcılığına həsr olunub.
Tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhadətləri ilə tarix yazan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səslənib.
Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani çıxış edərək bəstəkarın yaradıcılığından söz açıb, Azad Zahidin vətənpərvərlik nəğmələrinin, hərbi marşlar və qəhrəmanlıq balladalarının ordu gənclərinin döyüş ruhunun yüksəldilməsində əhəmiyyətini vurğulayıb.
Qeyd olunub ki, hələ tələbəlik illərindən musiqi yaradıcılığı ilə nəinki respublikamızda, eləcə də sovet musiqiçiləri arasında tanınan Azad Zahid irihəcmli simfonik, vokal əsərlərin, fortepiano və simli kvartet üçün konsertlərin, Bakıda, Moskvada və Dağıstanda yayımlanan 200-dən çox radioverilişin müəllifidir. Bəstəkarın yaradıcılığının əsas istiqamətini vətənpərvərlik mövzusunda musiqi əsərləri təşkil edir. “Xocalı yol gözləyir” rekviyem-kompozisiyası, “Kül altından boy atacaq Xocalı” televiziya tamaşası, “İlhamlı günləri Azərbaycanın”, “Həzilər yetirən Vətən torpağı”, “Azərbaycan əsgəri”, “Biz gəlirik, Qarabağ!”, “Lələtəpə fatehləri”, “Aprel Zəfəri”, “Qəhrəman Tərtərim”, “Bayraqtəpə qartalları”, “Qələbəyə gedən yollar”, “Qalib sərkərdəsi Azərbaycanın”, “Vətən, sənin şəhidlərin”, “Günnüt Zəfəri”, “Horadiz halayı”, “Zəfər nəğməsi”, “Müzəffər Ordumuz” kimi vətənpərvərlik mahnıları, hərbi marşlar və qəhrəmanlıq balladaları həm xalqımız, həm də Ordumuzun şəxsi heyəti tərəfindən sevilir və hər dəfə dövlət tədbirlərində, konsertlərdə, efir və ekranlarda ifa edilərkən böyük maraqla qarşılanır.
Nəzərə çatdırılıb ki, Azad Zahid 20 ildən çoxdur Müdafiə Nazirliyi ilə əməkdaşlıq edir, təmənnasız yazdığı musiqi əsərləri ilə Azərbaycan əsgərinin döyüş ruhunun, Vətən sevgisinin daha da yüksəldilməsi üçün səylərini əsirgəmir.
Tədbirdə Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini – Kadrlar idarəsinin rəisi, general-mayor Elçin Xəlilov çıxış edərək Azad Zahidi nazirliyin rəhbərliyi adından 65 illik yubileyi münasibətilə təbrik edib. Müdafiə nazirinin əmri ilə bəstəkara “Hərbi əməkdaşlıqda fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı təqdim edilib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Azərbaycan Ordusunun yaxın dostu, vətənpərvər musiqiçi Azad Zahidə ünvanlanan təbrik məktubu oxunub.
Məktubda qeyd edilir ki, Azad Zahidin gündən-günə tərəqqi edən Vətənimizə, müstəqil dövlətimizə, Müzəffər Ali Baş Komandana, eləcə də qüdrətli Azərbaycan Ordusuna, unudulmaz şəhidlərimizə, mübariz əsgər və qazilərimizə həsr etdiyi musiqi əsərləri hərbi qulluqçularımızın döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik duyğularının daha da yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir.
Bəstəkar Azad Zahid göstərilən diqqətə görə Ali Baş Komandan İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirərək deyib: “Vətən müharibəsində qazanılan Qələbə xalqımızın birliyinin, həmrəyliyinin, dövlətimizin iqtisadi gücünün, ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin, rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin, qətiyyətli sərkərdəmizin dəmir yumruğunun qələbəsidir. Müharibə başlanan ilk gündən mənim də silahım nəğmələrim oldu. Fəxr edirəm ki, bu möhtəşəm Qələbəyə, az da olsa, mənim də töhfəm olub. Bu, mənim vətəndaşlıq borcumdur. Bundan sonra öz yaradıcılığımla xalqıma, dövlətimə və qalib Azərbaycan Ordusunun igid əsgərlərinə xidmət edəcəyəm”.
Tədbirdə bəstəkarın Abdulla Qurbaninin sözlərinə yazdığı vətənpərvərlik mahnıları ifa edilib. Tamaşaçılar Xalq artisti Gülyaz Məmmədovanın, Əməkdar artistlər Cahangir Qurbanov, Ehtiram Hüseynov və başqalarının çıxışlarını, o cümlədən Azərbaycan Ordusu Sənədli və Tədris Filmləri Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin hazırladıqları videoçarxları maraqla izləyiblər.
Şəhid mayor Toğrul Bərxudarovun həyat yoldaşı Zəhra xanım və oğlu Əli çıxış edərək Azad Zahidin şəhidlərimizin xatirəsinə, qazi və xidmətdə olan qəhrəman döyüşçülərimizin şərəfinə yazdığı əsərləri dinlədikcə həm təsəlli tapdıqlarını, həm də böyük qürur hissi keçirdiklərini bildirib, bəstəkara yeni yaradıcılıq uğurları arzulayıblar.