Canəli Əkbərovun xatirəsinə həsr olunmuş musiqili-ədəbi məclis
Lənkəran Regional Mədəniyyət İdarəsi (RMİ) Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzinin Şağlaser kənd Sənətkarlıq evində görkəmli muğam ustası, Xalq artisti, professor Canəli Əkbərovun (1940-2021) xatirəsinə həsr olunmuş “Sənətə bağlı ömür” adlı musiqili ədəbi məclis keçirilib.
Tədbirdə mərhum xanəndənin dostları, pərəstişkarlar və qohumları, yerli sakinlər, habelə digər qonaqlar iştirak ediblər.
İştirakçılar əvvəlcə Canəli Əkbərovun ifasında “Qarabağ şikəstəsi” zərb muğamının lent yazısının sədaları altında kənd sənətkarlıq evində təşkil olunmuş sərgiyə və fotostendə baxış keçiriblər.
Tədbiri giriş sözü ilə Lənkəran RMİ-nin nümayəndəsi Anar Kakayev açaraq Canəli Əkbərovun Azərbaycan muğam sənətinin inkişafında xidmətlərindən danışıb. Bildirib ki, görkəmli xanəndə və mahir pedaqoqun xatirəsi sənətsevərlərin qəlbində həmişə yaşayacaq.
Xalq artisti, tanınmış radio diktoru Eldost Bayram, “Söz” jurnalının baş redaktoru Sevda Əlibəyli, Canəli Əkbərovun yaxın dostu Fərəməz Məhərrəmov, kənd ağsaqqalı Hacı Zabil, Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktor əvəzi Habil Əliyev, sənətkarın qardaşı Tərlan Əkbərov və digər çıxış edənlər Canəli Əkbərovun milli xanəndəlik məktəbinin nailiyyətlərini layiqincə davam etdirdiyini və Azərbaycanın musiqi mədəniyyəti xəzinəsinə mühüm töhfələr bəxş etdiyini vurğulayıblar
Şair-qəzəlxan Xilqət Talıbov, muğamatçılar İlkağa Şahbazov, İmanverdi Ağayev və Ələddin Məmmədov, “Nənələr” folklor ansamblı, “Babalar” qrupu və digərləri öz ifaları ilə məclisi rövnəqləndiriblər.
Sonda Sənətkarlıq evinin direktoru Lətif Nəhmətov və tədbirin aparıcısı Əli Əkbərov mərhum muğam ustası Canəli Əkbərovun sənətinə dəyər verdikləri üçün məclis iştirakçılarına təşəkkürlərini bildiriblər.
Ağaddin Babayev
Lənkəran