Bakıda “Disco gecəsi” adlı konsert keçiriləcək

 

Sentyabrın 2-də Bakıda, “Sea Breeze” istirahət mərkəzində ötən əsrin 70-80-ci illərinin estrada ulduzlarının iştirakı ilə “Open-air” festivalı çərçivəsində “Disco night” adlı konsert keçiriləcək.

Açıq havada keçiriləcək konsertdə məşhur müğənnilər Thomas Anders, Pupo, eləcə də “Joy”, “Secret Service”, “Boney M”, “Arabesque” qruplarının solistləri kimi estrada musiqisi əfsanələri də iştirak edəcəklər.

Festivalda iştirak edən ifaçıların 60-a yaxın və daha çox yaşı var. Bəziləri artıq aktiv ifaçılıq fəaliyyəti göstərmir. Amma keçmiş şöhrətin izi onların adlarını unutdurmayıb. Onların ifaları hələ də dünya radiostansiyaları tərəfindən və bir çox musiqi festivallarında səsləndirilir.

Konsertin təşkilatçıları “Sea Breeze” istirahət mərkəzi, “JARA events” və digər qurumlardır.

Bu ilin iyulunda eyni məkanda növbəti JARA musiqi festivalı keçirilməli idi, lakin sonradan təxirə salındı. Festivalın təşkilatçısı Emin Ağalarov JARA-nın əvəzinə bu il “Sea Breeze”də silsilə konsertlərin olacağını bildirmişdi.

JARA festivalı Bakıda 2016-2019-cu illərdə keçirilib, 2020-ci ildə pandemiya başlayandan sonra gerçəkləşməyib.