Azərbaycan kino salnaməsini özünəməxsus yaradıcılıq üslubu ilə zənginləşdirən kinooperator, kinorejissor, Əməkdar incəsənət xadimi Ələkbər Muradovun (1.8.1948 –1.8.2013) anadan olmasından 74 il ötdü. Doğum və ölüm tarixi eyni günə təsadüf edən kino fədaisini təqvimin yaddaşına istinadən yox, məhsuldar yaradıcılığına, maraqlı ömür yoluna görə xatırlamağı özümüzə borc bilirik.     

Ömrün hesabatını illərə yansıyan əməyin nəticəsi, uğurun cəmi verir. Ələkbər Muradovun da yaradıcılıq bioqrafiyasındakı 50-dən artıq film istedad və zəhmətinin bariz nümunəsidir. Bu sənətdə təsadüfi olmadığını yaradıcılığında dönə-dönə təsdiqləyən kino sevdalısının operatorluq peşəsinə sevgisi atası Yunus kişidən keçmişdi. O gənc yaşlarında fotoqrafiya sənətinə böyük maraq göstərib, kəndlərində foto dərnəklərinə rəhbərlik edib, az müddət ərzində kinomexanik kimi tanınıb, hətta Əmircan klubunda ilk dəfə səsli film nümayiş etdirib. Sonralar Bakı kinostudiyasında plyonka emalı laboratoriyasında mexanik, kinolentlərin emalı laboratoriyasında böyük texniki rəhbər vəzifəsində çalışıb. Azərbaycan Neft və Kimya İnstitutunda (indiki ADNSU) təhsil alıb, bir müddət sonra həmin institutda “Avtomatika və telemexanika” kafedrasında işləyib, həmçinin “Azərbaycanfilm”də rəngli kinoplyonka emal edən avadanlıqların qurulub işə salınması ilə məşğul olub.

Kinonun texniki təchizatını dərindən bilən Yunus Muradovun oğlu da bu sənətə biganə qala və sənətdə sadə bir yol keçə bilməzdi. Elə buna görə də Ələkbər Muradov istər sənədli, istərsə də bədii kinoda yanaşdığı hər bir mövzuya dərindən nüfuz edib, ekran əsərlərinin məna və mahiyyətini göstərməyə nail olub.

Oğlu, kinorejissor Murad Muradovun xatirələrində Ələkbər Muradovun ömür yolu daha aydın görünür: “Atamın hələ kiçik yaşlarından kinoya həvəsi olub. 10-cu sinifdə oxuyarkən babam ona kinokamera alıb. İlk dəfə əlinə kameranı alanda da Əmircan  kəndindəki tanınmış qoşa minarəli məscidi çəkib. Atam Azərbaycan Neft və Kimya İnstitutunda oxuyarkən də kino dərnəyinə gedib. Həmin institutu bitirdikdən sonra isə kinodan ayrı qala bilməyəcəyini görərək sənədlərini Moskva Ümumittifaq Kinematoqrafiya İnstitutuna verib, kinooperatorluq fakültəsinə daxil olub. Babam inanmayıb ki, o, həmin instituta daxil ola bilər. Buna görə də ona ancaq yol pulu verib yola salıb.

Atam institutu əla qiymətlərlə bitirib. Bəxti onda gətirib ki, institutda məşhur kinooperator Aleksandr Qalperinin kursunda oxuyub, ondan peşə sirlərini öyrənib. Düzdü o daha çox sənədli kinoda işlədi, amma bədii kinoda da uğurlu işləri var. Ssenarini oxuyanda mövzu onun üçün maraqlı olurdusa, operator kimi çalışmağa razılıq verirdi. Kinonun bütün janrlarını sevirdi. Onun üçün əsas olan çalışdığı filmlərdə operator işinin incəliklərini göstərmək, peşəkarlıq nümayiş etdirmək idi...”.

Ələkbər Muradovun filmoqrafiyasına nəzər salanda onun bir ildə bir neçə film üzərində işlədiyinin şahidi oluruq. Bu isə kinorejissorların onun bacarığına güvənməsi, filmlərinin taleyini ona həvalə etməsi deməkdir. Gənc operator kino fəaliyyətinin ilkin mərhələsində “Mozalan” kinojurnalı üçün  “Məhəbbətin familiyası” filmində müstəqil operator olub. “Qərib cinlər diyarında” bədii filmində operator assistenti kimi işləyib. Bundan sonra “Mən mahnı qoşuram”, “Qorxma, mən səninləyəm!” filmlərində ikinci operator olub, “Qaladan tapılan mücrü” (Valeri Kərimovla birgə), “O dünyadan salam” və digər bədii filmlərə operator kimi quruluş verib.

Əməkdar artist Suğra Bağırzadənin xatirələrində də sənətkarın fərqli potensialından xəbərdar oluruq: “Ələkbər Muradovla iki filmdə işləmişəm. Operatorluqdan, rejissorluqdan əlavə, o həm də gözəl rəssam idi. Filmlərin biri üçün iki otaqda elə fərqli obyektlər yaratmışdı ki, baxanda heç kim başa düşə bilməzdi ki, müxtəlif çəkilişlər məhz iki otaqda çəkilib. O, işinə həddən artıq həssas və peşəkarcasına yanaşırdı...”.

Ələkbər Muradovun rəssamlıq bacarığının qaynağını oğlu Murad belə xarakterizə edir: “Azərbaycanın tanınmış rəssamı Səttar Bəhlulzadə atamgilin qohumu idi. Onlara tez-tez gedib-gələrmiş. Atam da uşaqlıqdan rəssamlıqla məşğul olmağa başlayıb. Çəkdiyi əsərləri də hər dəfə Səttar Bəhlulzadəyə göstərərmiş. Məşhur rəssam da öz fikirlərini atama bildirər, məsləhətlərini verərmiş. Beləliklə, atamın rəssamlıq bacarığı üzə çıxıb. Atamın dostları çox idi. Onların evlərində, şəxsi kolleksiyasında atamın əsərləri saxlanılır. Hətta İranda da sərgisi keçirilmişdi. Qayıdanda mükafatlarla gəlmişdi...”. 

Əməkdar incəsənət xadimi, kinooperator, rejissor Nizami Abbas da Ələkbər Muradovla uzun illər dostluq edib: “Ələkbəri 1976-cı ildən tanıyırdım. Həmin dövrdə o, “Azərbaycanfilm”də ikinci operator kimi fəaliyyətə başlamışdı. Tədricən münasibətlərimiz daha da yaxşılaşdı. Çünki ali məktəbə hazırlaşarkən Ələkbərdən çox məsləhətlər almışdım. Tale elə gətirdi ki, mən özüm də Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunu operatorluq ixtisası üzrə bitirdim və “Azərbaycanfilm”də  çalışmağa başladım. Onunla hətta bir neçə dəfə Rusiyaya ezamiyyətə də getdim. İnsanlarla isti münasibəti vardı. Moskvada olanda birinci növbədə dostlarını axtarıb tapırdı, görüşürdü. Yaxın dostlarından biri də Gürcüstanın məşhur kinooperatorlarından Qiya Kusraşvilidir. Onun vasitəsilə Kusraşvili ilə dost oldum. Qiya ilə söhbət edəndə elə an olmayıb ki, Ələkbəri xatırlamayaq.

Ələkbərin çox maraqlı rəsm əsərləri var. Bacarıqlı insan idi, təəssüf ki, öz dəyərini bilmirdi, potensialını qiymətləndirmirdi. Özünəməxsus danışığı, zarafatları onu sevdirirdi və yumor hissi də güclü idi. Haqsızlığa qarşı həmişə etirazını açıq-aydın bildirirdi. Bu isə çoxlarının xoşuna gəlmirdi. İnsanların üzünə yalandan gülməzdi, kimin hansı xüsusiyyətini bəyənmirdisə, sözünü həmin dəqiqə deyərdi.  

Bir müddət elə oldu ki, o, kinostudiyadan ayrıldı. Mən deyərdim ki, o ayrılıq bəlkə də ömrünün çox hissəsini onun əlindən aldı. Yaxşı ki, “Azərbaycanfilm”də sənədli və bədii filmlərini ərsəyə gətirə bildi. Yaradıcılığı çox ola bilərdi, heyf ki, həyatdan tez köçdü...”

Ələkbər Muradovun bədii kinoda rejissor kimi ilk müstəqil işi “Güllələnmə təxirə salınır” kino dramıdır. İkinci Dünya müharibəsindən sonrakı illərdə mürəkkəb mühit, cəmiyyətdə baş verən gərgin hadisələr, insanların çətin sosial durumu filmin əsas leytmotividir.

Gərgin hadisələri psixoloji nüanslarla əks etdirən, tamaşaçıları yaxın keçmişin müasirinə çevirən və hər bir kadrı ilə düşündürməyə vadar edən filmin çətinliklə ərsəyə gəlmə səbəbini də oğlundan öyrənirik: “Güllələnmə təxirə salınır” filminin çəkilişləri 1993-cü ildə başlamışdı. İlkin mərhələdə film sponsor dəstəyi ilə çəkilmişdi. Ancaq naməlum səbəblərə görə vəsait tam olaraq verilmədi, çəkilişlər dayandı. Həmin dövrdə “Azərbaycanfilm” Kinostudiyasında aşkarlama olmadığına görə film Ukraynaya aparıldı və orda aşkarlandı. Lentlər 10 il Ukraynada saxlanıldı. Nəhayət, 2002-ci ildə atam Ukraynaya filmi almağa getdi. Lentlər normal şəraitdə saxlanılmadığına görə neqativə göbələk düşmüşdü. Neqativ təmizləndikdən sonra Azərbaycana gətirildi. Mədəniyyət Nazirliyinin dəstəyi ilə filmin yarımçıq işləri (səsləndirmə və montaj) tamamlandı. Mən özüm də filmdə Xanın uşaqlığını oynayıram. Tale elə gətirdi ki, filmin tamamlanma işləri olanda ikinci rejissor kimi də atama kömək etdim. Yaxşı yadımdadır, film “Nizami” kinoteatrının iki zalında uğurla nümayiş olundu. Zallar adamla dolu idi, nümayişlər anşlaqla keçirdi...”.

Atasının yolunu davam etdirən Murad deyir ki, atam bu sənətə gəlməyimi istəmirdi. Çünki sənətin çətinliklərini bilirdi: “Dostları bu sənəti seçdiyimi biləndə və ondan mənim haqqımda nəsə soruşanda “oğlumu oda atdım” deyirdi. Bu gün bu od məni yandırsa da, mən sənətimdən zövq alıram. Şadam ki, atamın davamçısıyam.

İşdə kollektivlə səmimi davranırdı. Heç vaxt ayrı-seçkilik etmirdi. Evdə isə çox ciddi idi, sərtliyi də vardı. Biz onunla dost idik, bununla belə aramızda böyük məsafə olub. Böyük qardaşım Elnur başqa peşənin sahibidir. Atam iki dəfə ailə qurub. Birinci evliliyini valideynləri istəyib. O, Kinematoqrafiya İnstitutunda təhsil alacağını bildirsə də, valideynləri evləndirmək fikrindən vaz keçməyiblər. Birinci evliliyi uğursuz olub. Bir müddət sonra anamla ailə qurub. Anam ilk vaxtlar Azərbaycan Dövlət İncəsənət  Muzeyində çalışıb. Mən doğulandan sonra işləməyib. Biz sadə ailə olmuşuq. Çətin günlərimiz də olub, yaxşı günlərimiz də. Atam həmişə ailəcanlı olub. Bəzən işimdə nöqsan olanda məni danlayırdı, tənqid edirdi. Bilirdim ki, bunları mənim gələcəyim, yaxşılığım üçün edir. Buna görə də həmişə onunla razılaşırdım. Hərdən onun danlağı, tənqidləri üçün darıxıram. Evdə də, sənətdə də yoxluğunu hiss etmək çox çətindir. Amma sevinirəm ki, onun oğluyam və buna görə də qürur hissi keçirirəm...”.   

Şəhla Əmirli
kinoşünas