AKİ-nin ssenari müsabiqəsinə yekun vurulub

 

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) keçirdiyi “Mən qadınam” qısametrajlı bədii film ssenariləri müsabiqəsinin nəticələri elan edilib.

AKİ-dən verilən məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsədlərdən biri müasir Azərbaycan qadınının obrazını bütün dolğunluğu ilə tamaşaçıya çatdıran ssenarilərin yazılmasını təşviq etməkdir.

Münsiflər heyətinin (sədr – Nadir Bədəlov, üzvlər – Əli İsa Cabbarov, Vaqif Azəryar, Sevda Sultanova, Asif Rüstəmov) rəyinə əsasən, müsabiqəyə təqdim edilmiş 100 ssenaridən 20-si finala buraxılıb. Müəlliflərdən 60 faizini qadınlar təşkil ediblər.

Müsabiqənin nəticələri belə olub: 1-ci yer – “Dilbər” (ssenari müəllifi Orxan Məmmədli); 2-ci yer – “Zənbil” (Mirmehdi Ağaoğlu, Mətləb Muxtarov); 3-cü yer – “Neçəyədir?” (Günel Şamilqızı).

Bundan əlavə, üç ssenari diploma layiq görülüb: “Çiyələyin dadı” (müəllif – Arzuman Mirzəsoy); “Qar əriyəndə” (Leyla Əliyeva); “Qonşular nə deyər” (Leyla Nəsibli).

AKİ müsabiqəyə qatılan bütün müəlliflərə minnətdarlığını bildirir.

Xatırladaq ki, müsabiqənin 1-ci yer üçün mükafatının məbləği 2000 manat, 2-ci yer üçün 1500 manat, 3-cü yer üçün 1000 manat təşkil edir.