Avqustun 2-də Şuşada Diaspor Gənclərinin III Yay Düşərgəsinin açılışı olub. Düşərgədə 50 ölkədən 115 gənc iştirak edir.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılışda çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov düşərgənin mədəniyyət paytaxtımızda keçirilməsinin önəmindən danışıb. Bir neçə ay əvvəl Prezident İlham Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının V Qurultayının məhz Şuşa şəhərində təşkil olunduğunu xatırladan komitə sədri mərasimi Azərbaycan diaspor tarixinin əlamətdar hadisələrindən biri adlandırıb və bu münasibətlə düşərgə iştirakçılarını təbrik edib. O, Vətən müharibəsindəki tarixi Zəfərin Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və Azərbaycan Ordusunun rəşadəti sayəsində mümkün olduğunu vurğulayaraq deyib: “Azərbaycan tolerant ölkədir. Biz heç vaxt heç kimin torpağını işğal etməmişik. Biz istəyirik ki, buradan qayıdandan sonra siz yaşadığınız ölkələrin parlamentlərinə, hökumətlərinə, eləcə də beynəlxalq təşkilatlara öz mövqeyinizi bildirəsiniz. İstəyirik xaricdə yaşayan gənclərə dəstək olaq ki, onlar müəyyən mövqelərə addımlaya bilsinlər. Biz çalışırıq xaricdə, elm, texnologiya və digər sahələrdə nailiyyətlər əldə etmiş gəncləri Azərbaycana dəvət edək və onları dövlət qurumlarının nümayəndələri ilə görüşdürək. Gənclər diaspor hərəkatına gəlməli və fəal olmalıdırlar...”.

Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Nigar Hacıyeva diaspor gənclərini Şuşada görməkdən məmnunluğunu bildirib və düşərgənin işinə uğurlar arzulayıb.

Gənclər və idman naziri Fərid Qayıbov çıxışında qeyd edib ki, dövlətimiz gənc nəslə güclü investisiya yatırır. Azərbaycan gənclərin yüksək inkişaf tempi olan ölkədir.

İqtisadiyyat Nazirliyinin aparat rəhbəri Ayaz Əliyev diaspor gənclərini Azərbaycanın iqtisadi inkişafı naminə fəallığa səsləyib.

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, “Regional İnkişaf” İctimai Birliyinin direktoru Məhəmməd Abdullayev Diaspor Gənclərinin Yay Düşərgəsinin ilk dəfə Qarabağ torpağında keçirilməsinin əhəmiyyətindən bəhs ediblər.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi İdarə heyətinin sədri Məftun Abbasov xaricdə yaşayan gənclərimizin və Azərbaycana dost ölkələrin nümayəndələrinin “Şuşa İli”ndə qədim şəhərdə bir araya gəlməsinin önəmini qeyd edib.

Tədbir bədii hissə ilə davam edib.

Yay düşərgəsi avqustun 8-nə kimi davam edəcək.

Xatırladaq ki, Diaspor Gənclərinin III Yay Düşərgəsi Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin tərəfdaşlığı ilə keçirilir.

“Şuşa İli” çərçivəsində həyata keçirilən layihə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gəncləri vahid platforma ətrafında bir araya gətirmək və Azərbaycanla daha yaxından tanış etmək məqsədinə xidmət edir.

Düşərgə müddətində gənclər tarixi Zəfərimizin Şuşa təntənəsinin şahidi olmaqla yanaşı, Azərbaycanla bağlarını daha da möhkəmləndirmək, ölkəmizi uğurla təmsil etmək, şəbəkələşmək, yeni dostlar qazanmaq imkanı əldə edəcəklər. Proqrama Şuşanın işğal dövründə dağıdılmış abidələri ilə tanışlıq, müqəddəs məkanları ziyarət, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimiz, həmçinin müxtəlif sahələr üzrə ekspertlər ilə görüşlər daxildir. Bundan başqa, əyləncəli proqramların və intellektual oyunların təşkili də nəzərdə tutulub.

Qeyd edək ki, Diaspor Gənclərinin I Yay Düşərgəsi 2018-ci ildə “Cümhuriyyətin 100 illiyi” şüarı altında Şəkidə, “Nəsimi – 650” adlı Diaspor Gənclərinin II Yay Düşərgəsi 2019-cu ildə Şamaxıda keçirilib.