Sentyabrın 2-dən 11-dək Rusiyanın Həştərxan şəhərində “OperaFirst 2022” Xəzər Klassik Musiqi Festivalı keçiriləcək. İkinci dəfə təşkil olunan festivalın konsert proqramlarında Rusiya, Azərbaycan, İran, Türkmənistan və Qazaxıstan teatrlarının solistləri iştirak edəcəklər.
Festival çərçivəsində Xəzəryanı ölkələrin günləri keçiriləcək. Bu tədbirlərin qonaqları Xəzəryanı dövlətlərin hər birinin mədəniyyəti ilə tanış ola biləcəklər.
Sentyabrın 9-u festivalda Azərbaycan günü olacaq. Həmin gün Həştərxan Dövlət Filarmoniyasında Qara Qarayev, Fikrət Əmirov, Oqtay Zülfüqarov və Firəngiz Əlizadənin əsərləri səslənəcək.
Əsərləri Səidə Tağızadə (fortepiano), Rəna Rəhimova (alt), Ümidə Abbasova (skripka), Nəzrin Aslanlı (skripka), Emin Hüseynov (skripka), Orxan Hüseynov (violonçel) ifa edəcəklər.
Festivalın qonaqlarını dünya səhnəsinin ulduzlarının iştirakı ilə möhtəşəm qala-konsert, o cümlədən azərbaycanlı tenor, beynəlxalq müsabiqələr laureatı Azər Zadənin çıxışı da gözləyir.