Turizm İnstitutunun nəzdində Bakı Turizm Peşə Məktəbi yaradıldı
   
   Cəfər Cəfərov: «Peşə təhsilinin başlanması üçün hökumətin dəstəyinə ehtiyacımız var idi»
   
   
   Dekabrın 6-da Azərbaycan Respublikası Nazirlər Kabineti Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutunun nəzdində Bakı Turizm Peşə Məktəbinin yaradılması haqqında qərar qəbul edib.
   
   Qərara əsasən, Təhsil Nazirliyinin 11 nömrəli Bakı Peşə Liseyi ləğv edilərək onun bazasında Bakı Turizm Peşə Məktəbi yaradılacaq. Qərarda qeyd olunur ki, Maliyyə Nazirliyi 2012-ci ildən başlayaraq, Bakı Turizm Peşə Məktəbinin fəaliyyəti ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədilə dövlət büdcəsinin xərclərinin müvafiq bölməsində Mədəniyyət və Turizm Nazirliyi üçün vəsait nəzərdə tutmalıdır.
   Hökumətin qərarı ilə Təhsil Nazirliyinin balansında olan, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, H.Hüseynov küçəsi, 17 ünvanında yerləşən 11 nömrəli Bakı Peşə Liseyinin 0,9662 ha torpaq sahəsinə malik dördmərtəbəli binasının bir hissəsi (6833.5 kv.m) ona məxsus əmlakla birlikdə Mədəniyyət və Turizm Nazirliyinin balansına daxil edilib.
   Turizm İnstitutunun rektoru Cəfər Cəfərov hökumətin qərarını ATİ-nin fəaliyyətinə verilən qiymət kimi dəyərləndirdi: “Aprel-may aylarından müvafiq sənədlər tərəfimizdən hazırlanıb təqdim olunmuşdu. Biz bu qərarı yüksək qiymətləndiririk. Turizm İnstitutu yarandığı 6 il ərzində sübut etməyə çalışıb ki, turizm təhsili sahəsində aparılan işlər təqdirəlayiqdir, davamlı olmalıdır və təhsilin bütün mərhələlərini əhatə etməlidir. Peşə təhsilinin başlanması üçün bizim hökumətimizin dəstəyinə ehtiyacımız var idi».
   Rektorun fikrincə, 11 nömrəli Bakı Peşə Liseyinin maddi-texniki imkanları yaxın illərdə ölkə turizmi üçün yüksək səviyyəli xidməti personalın hazırlanmasına nail olunacağını söyləməyə əsas verir: «Artıq maddi-texniki bazamız, təzə təsdiq olunmuş ilkin peşə ixtisasları təsnifatlarımız hazırdır. Dünya təcrübəsini öyrənib proqramımızı tutmuşuq. İlkin mərhələdə ola bilsin ki, kadr problemimiz olsun. Bunun üçün xaricdən də mütəxəssislər dəvət etməyi planlaşdırırıq. Bu istiqamətdə ilkin danışıqlar aparılıb. Növbəti semestrdə müxtəlif ixtisaslı kurslarla işə başlayacağıq. Bu peşə liseyində hazırda təhsil alan tələbə kontingentinin turizm üzrə əlavə kurslara cəlb olunmasına çalışacağıq».
   C.Cəfərov onu da qeyd etdi ki, hazırda Qusarda, Zaqatalada, Göygöldə, Şəmkirdə və Masallıda bu turizm peşə məktəbinin regional filiallarının açılması üzərində iş gedir: «Müvafiq əsaslandırmalar, sənədlər, həmin regionlarda ayrılacaq binalarla bağlı alternativ variantlar nəzərdən keçirilir. Tam əminliklə deyirəm ki, yaxın müddətdə məktəbdə turizm sahəsini peşəkar masa xidmətçisindən aşpaza qədər müxtəlif peşə kadrları ilə təmin etmək üçün keyfiyyətli təhsili təşkil edə biləcəyik».
   O ki qaldı hazırda 11 saylı Peşə Liseyində təhsil alan tələbələrə, C.Cəfərov bildirdi ki, orada müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrə öz təhsillərini bitirmək üçün lazımi şərait yaradılacaq. 
   

Fəxriyyə Abdullayeva