Türkiyəli rejissor Əmrə Kayışın 2021-ci ildə çəkdiyi “Anadolu bəbiri” filmi 12-ci Pekin Beynəlxalq Film Festivalının müsabiqə proqramında iştirak edir.
Avqustun 14-də başlayan festivalda 14 ölkədən 16 film “Tientan” (“Göy məbədi”) mükafatları uğrunda mübarizə aparacaq.
“Anadolu bəbiri” festival müddətində şəhərin üç fərqli kinoteatrında (14, 16, 20 avqust) nümayiş olunacaq. Uğur Polat və İpek Türktanın baş rollarda çəkildiyi film Ankara zooparkının müdirinin, nəsli kəsilməkdə olduğu üçün qoruma altında saxlanılan Anadolu bəbirinin ölümünü gizlədərək, zooparkın bağlanmasının qarşısını almaq üçün göstərdiyi səydən bəhs edir.
Çinli aktyor Li Şuecienin sədrlik etdiyi 7 nəfərlik münsiflər heyəti “Ən yaxşı film”, “Ən yaxşı rejissor”, “İncəsənətə töhfə”, “Ən yaxşı aktyor”, “Ən yaxşı aktrisa”, “Ən yaxşı ssenari”, “Ən yaxşı operator işi” və “Ən yaxşı musiqi” və s. kateqoriyalar üzrə seçimlər edəcəklər. Mükafatlar avqustun 20-də keçiriləcək mərasimdə sahiblərini tapacaq.
“Anadolu bəbiri” 2021-ci ildə Toronto Beynəlxalq Film Festivalında və Antalya Film Festivalında mükafatlar qazanıb.