Avqustun 16-da Musiqi Mədəniyyəti Dövlət Muzeyində dünya şöhrətli müğənni, bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin (1942-2008) anadan olmasının 80 illik yubileyinə həsr edilən “Estrada səhnəsinin sönməz ulduzu” adlı tədbir keçirildi.
Tədbiri giriş sözü ilə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq böyük sənətkarın özünəməxsusluğu ilə seçilən və ümumən sovet estradasını yeni mərhələyə yüksəldən yaradıcılığından danışdı. Bildirdi ki, Azərbaycanın musiqi mədəniyyəti salnaməsinə parlaq səhifələr yazan Müslüm Maqomayev rəngarəng repertuara malik qüdrətli ifaçı idi. Onun repertuarında dahi Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin qəzəllərinə bəstələdiyi “Sənsiz” və “Sevgili canan” romansları xüsusi yer tutur. Bu romanslar Müslüm Maqomayevə qədər korifey sənətkarların ifasında səslənib. Amma o, bu romanslara yeni çalarlar, bənzərsiz intonasiyalar gətirərək onları fərqləndirməyi bacardı...
Muzeyin şöbə müdiri Xanım Abdinova dünya şöhrətli müğənninin keçdiyi sənət yolundan danışdı. Diqqətə çatdırdı ki, sənətkar XX əsrin 60-cı illərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. İtaliyanın Milan şəhərində məşhur “La Skala” teatrında təcrübə keçib. Misilsiz şöhrət qazanan müğənninin pərəstişkarları konsert salonlarına sığmır, o hətta stadionlarda minlərlə dinləyici qarşısında çıxış edir. Mahnıları yazılmış vallar çox böyük tirajla buraxılır. Məhz buna görə o, sovet estradasının ötən əsrin ikinci yarısında ən parlaq ulduzuna çevrilir, klassik opera ariyalarını estradaya gətirir.
Məruzəçi qeyd etdi ki, zəngin musiqi ənənələrimizin inkişaf etdirilməsində Müslüm Maqomayevin yaratdığı və bir müddət rəhbərlik etdiyi Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri mühüm rol oynayıb. Müslüm Maqomayev qəlblərdə elə bir sənət abidəsi ucaldıb ki, o, daim ziyarət ediləcək və seviləcək.
Çıxışlar zamanı muzeyin arxiv materialları əsasında hazırlanan slayd-şou nümayiş olundu.
Sonra sənətkarın xatirəsinə həsr edilən konsert proqramı təqdim olundu. Vokalçı-bəstəkar Qasım Xəlilov, beynəlxalq musiqi festivallarının laureatı Ərşad Heydərov, beynəlxalq müsabiqə laureatı Əli Vahidov və Lalə Xəlillinin ifalarında M.Maqomayevin repertuarından ariyalar, romanslar və mahnılar səsləndirildi.
Sonda Heydər Əliyev Mərkəzinin Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə etdiyi fotomateriallar əsasında hazırlanmış “Müslüm Maqomayev – 80” fotosərgisinə baxış keçirildi.
Savalan Fərəcov