Rusiya paytaxtında Maqomayevin yubileyi qeyd edilib
Dünya şöhrətli opera və estrada müğənnisi, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyi Moskvada da qeyd olunub.
Avqustun 17-də dahi müğənninin yaradıcılığının pərəstişkarları onun abidəsi önünə toplaşıblar. Tədbir iştirakçıları abidə önünə gül dəstələri düzüb, Müslüm Maqomayevlə bağlı xatirələrini bölüşüblər.
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin humanitar proqramlar üzrə rəhbəri Tamilla Əhmədova çıxış edərək müğənninin Azərbaycan musiqi mədəniyyəti xəzinəsinin zənginləşməsinə verdiyi dəyərli töhfələri qeyd edib. O, Müslüm Maqomayevin Azərbaycanı “atası”, Rusiyanı isə “anası” adlandırdığını və milyonlarla dinləyicinin qəlbini fəth edən istedadın məhz iki xalqın çoxəsrlik mədəniyyətlərinin yetirməsi olduğunu xatırladıb.
Heydər Əliyev Fondunun nümayəndəsi Maqomayevin anadan olmasının 80-ci ildönümündə Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda, Dənizkənarı Milli Parkda müğənninin abidəsinin açıldığını da diqqətə çatdırıb.
Rusiyanın Xalq artisti Zaur Tutov qeyd edib ki, Müslüm Maqomayevin böyük irsi milyonlarla insanı sevindirib, sevindirir və sevindirəcək: “Bu, böyük, əsl saf, ürəkdən gələn sənətdir. Çox gözəl, bacarıqlı və yüksək səslə oxuyan vokalçılar kifayət qədərdir, lakin bizim dahi Müslüm Maqomayev fantastik məlahətlə ifa edirdi”.
Müslüm Maqomayevə həsr edilmiş və Moskvada nəşr olunan “Əbədi məhəbbətim” kitabının müəllifi Təyarə Vəlimətova dahi müğənni və onun həyat yoldaşı Tamara Sinyavskaya ilə görüşlərini yada salıb. “Kitabın adını Tamara Sinyavskayanın seçməsi mənim üçün xüsusi əhəmiyyət kəsb edir”, – deyə o bildirib.
Maqomayev yaradıcılığının pərəstişkarları onun abidəsi önündə repertuarından mahnılar ifa edib, xatirələrini bölüşüblər.