Qut İmmlinq Opera Sənəti Festivalında orkestrə Əyyub Quliyev dirijorluq edib
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist Əyyub Quliyev Almaniyada “Ürəkdən keçərək” devizi altında təşkil olunan Qut İmmlinq Opera Sənəti Festivalında iştirak edib.
Almaniyanın İmmlinq şəhərində (Bavariya federal əyaləti) yay mövsümündə gerçəkləşən ənənəvi festival hər il müxtəlif ölkələrdən tanınmış opera müğənniləri, dirijor və rejissorları bir araya gətirir. 26 iyun – 14 avqust tarixində keçirilən sayca 26-cı festival proqramı da maraqlı layihələri ilə diqqəti cəlb edib. Festival çərçivəsində C.Verdinin “Traviata” və V.Bellininin “Norma” operalarının yeni quruluşu, V.A.Motsartın musiqisinə həsr olunmuş “Mozart Gala” gecəsi, İspaniya musiqisi gecəsi, Motsartın “Sehrli fleyta” operasının uşaqlar üçün təqdimatı, İtaliya musiqi gecəsi (O Sole Mio) və Saint Polen “Avropa Baleti” teatrının çıxışları olub.
Akademik Opera və Balet Teatrından verilən məlumata görə, festivalın bağlanış mərasimində azərbaycanlı dirijor Əyyub Quliyevin idarəsi ilə Bavariya Festival Orkestrinin çıxışı xüsusilə yadda qalıb. Bavariya Festival Orkestri ilə bərabər beynəlxalq ifaçılardan ibarət xor və İtaliya, Fransa, Almaniya, Avstriya, Türkiyə, Rusiya, Rumıniya və Ukraynanın opera müğənnilərinin yer aldığı konsertdə Verdinin “Attila”, “Maqbet”, “Falstaf”, “Siciliya gecəsi”, “Bal maskarad”, “Traviata”, Delibin “Lakme”, Offenbaxın “Qofmanın nağılları”, Bizenin “Karmen” operalarından nümunələr səsləndirilib.
Qala-konsertin əsas yaddaqalan hadisələrindən biri bu il 110 illiyi qeyd edilən görkəmli Azərbaycan dirijoru və bəstəkarı Niyazinin “Qaytağı” əsərinin Bavariya Festival Orkestri tərəfindən ifası olub. Almaniya, Avstriya, İtaliya, Rumıniya və Gürcüstanın tanınmış musiqiçilərindən ibarət orkestrin ifası alqışlarla qarşılanıb. Üç saata qədər davam edən konsertin sonunda dinləyicilərin xüsusi marağı nəzərə alınaraq orkestr Əyyub Quliyevin dirijorluğu ilə proqrama əlavə olaraq opera nümunələri də ifa edilib.