O həm də sənətkarın irsinin təbliğatçısı idi...
Onunla tanışlığım doğum günü ərəfəsinə təsadüf etmişdi. 2012-ci ilin avqust ayı idi. İşə qəbul üçün görüşə gəlmişdim. Çox keçmədən öz sadəliyi, səmimiyyəti, mehriban gülüşü ilə işıq saçan xanım içəri daxil oldu... Ada xanım idi.. Söhbət zamanı ona olan heyranlığımı gizlədə bilmirdim... Zaman keçdikcə, onu tanıdıqca bu heyranlıq daha da artdı...
1922-ci il avqustun 22-də Tiflisdə dünyaya göz açan, ixtisasca hüquqşünas olan Ada xanımın (Adelaida İrza qızı Məmmədova; 1922-2015 – red.), özü dediyi kimi, həyatının “nağıl dövrü” 1938-ci ildə Azərbaycan professional vokal sənətinin banisi Bülbüllə ailə qurduqdan sonra başlamışdı. Uzun illər konsertlərdə, tamaşalarda, qastrollarda Bülbüllə birgə yaşadığı xatirələri bizimlə bölüşərdi. Bülbüldən danışarkən gözlərinə dolan yaşlardan həm yaşadığı xoşbəxt günləri, həm də Bülbül üçün necə darıxdığını hiss edirdik.
Bülbülün Memorial Muzeyi elə onun Bülbülə olan sevgisinin sübutudur. Ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1976-cı ildə yaradılan muzeyə Ada xanım 1977-ci ilin iyul ayında direktor təyin olunmuşdu. Bununla onun həyatında yeni mərhələ başlamışdı. O, artıq sadəcə, Bülbülün xanımı, həyat yoldaşı deyil, həm də onun zəngin irsinin tədqiqatçısı, təbliğatçısı idi. Yaşadığı evi, Bülbülün göz bəbəyi kimi qoruyub saxladığı şəxsi əşyalarını muzeyin qurulması üçün təhvil vermişdi.
Ada xanımın Bülbülün Şuşadakı ev-muzeyinin qurulmasında da əvəzsiz xidmətləri olmuşdu. 1983-cü il iyulun 29-da açılışı olan muzey Bakıdakı memorial muzeyin filialı idi. Ada xanım Şuşadakı muzeyi necə zəhmətlə qurduğunu, ekspozisiyanı Qarabağ xalçaları ilə XX əsrin əvvəllərinə uyğun tərtib etdiyini böyük həvəs və kədərlə xatırlayırdı. İşğaldan sonra dağıdılmış evin, talan olunmuş ekspozisiyanın şəkillərinə kədərlə baxar, bir gün o torpaqlara qayıdacağımıza inanaraq ekspozisiyanı dəqiqliklə bizə göstərər, tövsiyələr verərdi.
Ada xanım Şuşanın azad olduğunu görə bilməsə də, biz onun bütün tövsiyələrinə əməl etdik. Bülbülün Şuşadakı ev-muzeyi çox hörmətli Polad Bülbüloğlu tərəfindən bərpa olunduqdan sonra muzeyin ekspozisiyasının qurulmasında Ada xanımın arzuladığı kimi böyük sevgi ilə iştirak etdik.
Əminəm ki, artıq dahi Bülbülün və Ada xanımın ruhları şaddır. Bu gün artıq onların ruhları Bülbülün doğulduğu evin həyətində, Şuşanın tarix dolu küçələrində, Cıdır düzündə gəzir...
Fərqanə Cabbarova
Bülbülün Memorial Muzeyinin direktoru