Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov Özbəkistan Kinematoqrafiyanın İnkişaf Mərkəzinin direktoru Cavlon Kamalov ilə görüşüb.
Görüşdə “Özbəkkino” Milli Agentliyi, Kinematoqrafiyanın İnkişaf Mərkəzi ilə AMM arasında birgə əməkdaşlıq, layihələrin reallaşdırılması, Özbəkistanın televiziya kanallarında, telelayihələrdə Azərbaycan incəsənət xadimlərinin çıxışları, habelə Daşkənddə “Azərbaycan kinosu günləri”nin keçirilməsi müzakirə edilib.
Söhbət zamanı 14-18 sentyabr tarixində Özbəkistan paytaxtında keçiriləcək “İpək Yolunun incisi” adlı beynəlxalq festival çərçivəsində “Azərbaycan kinosu günləri”nin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.
“Azərbaycan kinosu günləri”nin rəsmi açılış mərasimi Daşkənd şəhərindəki Heydər Əliyev adına AMM-də keçiriləcək və eyni zamanda 17 sentyabrda Buxara şəhərində Azərbaycan filmlərinin nümayişi təşkil ediləcək.
Samir Abbasov bu istiqamətdə Azərbaycan Mədəniyyət Nazirliyi ilə müvafiq iş aparıldığını qeyd edərək, Özbəkistanda keçiriləcək beynəlxalq kinofestivalda yeni Azərbaycan filmlərinin nümayiş etdiriləcəyini, tanınmış kino xadimlərinin, kinematoqrafçıların iştirak edəcəyini bildirib.