Xəbər verdiyimiz kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqı, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Azərbaycanda Fransız İnstitutu və digər qurumların dəstəyi ilə 13-20 avqust tarixində “Sevil” Beynəlxalq Qadın Sənədli Film Festivalı keçirilib.
Yerli və əcnəbi kino mütəxəssislərinin iştirak etdiyi festivalda ümumilikdə 36 film nümayiş olunub.
Bağlanış mərasimində üç nominasiyada qalib olan filmlər elan edilib.
“Tammetrajlı sənədli film nominasiyası” üzrə Mina Laamonun (Finlandiya) “Kədər tərbiyəçisi”, “Beynəlxalq qısametrajlı sənədli film nominasiyası” üzrə Mariana X.Riveranın (Meksika) “Çöl çiçəkləri”, “Yerli qısametrajlı sənədli film nominasiyası” üzrə isə Aynur Kazımovanın (Azərbaycan) “Unudulmuş arzular” filmi festivalın qalibi olub.
Rejissor Aynur Kazımova “Sevilfest”in 2022-ci il proqramı çərçivəsində Almaniyanın “goEast” film festivalı tərəfindən təşkil edilən “East-West Talent Lab”da iştirak hüququ qazanıb.
Festivalda münsiflərin xüsusi mükafatı da təqdim olunub. Müvafiq kateqoriyalar üzrə Ceyms Kiklayterin (ABŞ) “Kimliyin səsi”, Sargol Eslamianın (İran) “Sükut içində pıçıltı” ekran əsərləri münsiflər heyətinin seçimi olub.