Mədəniyyət və Turizm Nazirliyi təşkilatçılığı ilə Azərbaycanda akkreditə olunmuş xarici ölkə səfirliklərin diplomatları üçün zəngin turizm potensialı olan Qəbələ rayonuna infotur təşkil edilib.
İnfotur çərçivəsində Qəbələ ilə yanaşı, İsmayıllı rayonu və Şəki şəhəri ilə tanışlıq, eyni zamanda İsmayıllı rayonunun Lahıc qəsəbəsinə ekskursiya həyata keçirilib. Qonaqlar buradakı dulusçuluq və xalçaçılıq emalatxanaları ilə, həmçinin Lahıc tarix-diyarşünaslıq muzeyi ilə əyani tanış olublar.
İsmayıllı rayonunda Heydər Əliyev Mərkəzinə baxış zamanı qonaqları rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəfael Əhmədov qarşılayıb. Özbəkistanın Azərbaycandakı səfiri İsmətulla İrqaşev mərkəzin “Xatirə kitabı”na ürək sözlərini yazıb.
İnfotur iştirakçıları bölgəyə səfər proqramına uyğun olaraq Şəki şəhərində də olublar. Diplomatların qədim Şəki şəhəri ilə tanışlığı Kiş kəndində yerləşən qədim alban məbədini ziyarətlə başlayıb. Daha sonra qonaqlar Azərbaycan memarlığının şah əsərlərindən olan Şəki xanlarının sarayı ilə tanış olublar. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qonaqlara xatirə hədiyyələri təqdim edib. Şəkiyə səfərləri çərçivəsində diplomatlar XVIII-XIX əsrə aid “Yuxarı Karvansara” mehmanxana kompleksi ilə də tanış olub, şəhərin görməli yerlərini gəziblər.
Həmin gün qonaqlar Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya zamanı 1980-ci ildən fəaliyyət göstərən bu muzeyin əsas fondunda Qəbələnin və Azərbaycanın 2500 illik tarixini əks etdirən tarixi və elmi əhəmiyyətə malik eksponatlar, arxeoloji, etnoqrafik, numizmatik materiallar, xalq sənəti nümunələri, qədim əlyazma və çap kitabları ilə tanış olublar. İnfoturun sonuncu günü qonaqlar Azərbaycanın turizm potensialının təqdimat mərasimində iştirak ediblər. Diplomatlar infoturda iştiraklarından məmnunluqlarını ifadə ediblər.
Təqdimat mərasimindən sonra Qəbələ rayonu üzrə “City Tour” (şəhər turu), həmçinin əsası 1901-ci ildə Johan Beltmann tərəfindən Hollandiyanın Deventer şəhərində qoyulmuş və hazırda Qəbələdə fəaliyyət göstərən “Beltmann” piano zavoduna və Cənubi Qafqaz regionunda istehsal gücünə görə ən iri meyvə emalı müəssisəsi olan Qəbələ konserv zavoduna ekskursiyalar təşkil olunub.
İnfoturun təşkil olunmasında əsas məqsəd Azərbaycanda akkreditə olunmuş səfirliklərin diplomatlarını paytaxtla yanaşı, bölgənin turizm potensialı ilə daha yaxından tanış etmək, gələcəkdə turizm sahəsində əməkdaşlığa və qarşılıqlı turist mübadiləsinə nail olmaqdır.