Gədəbəydə Turizm Muzeyi və “Siemenslər Gədəbəydə” sərgi-muzeyi açıldı
   
   Azərbaycanın dilbər guşələrindən olan Gədəbəy rayonunun füsunkar təbiəti, zəngin maddi-mədəni irs nümunələri bölgənin geniş turizm potensialından xəbər verir. 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan olunması ilə bağlı rayonda bir sıra tədbirlər keçirilib. Bu silsilədən növbəti tədbirlər Gədəbəy rayon Mədəniyyət evində baş tutdu. Dekabrın 22-də rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində yaradılan Turizm Muzeyi və “Siemenslər Gədəbəydə” sərgi-muzeyin açılış mərasimi keçirildi.
   
   Tədbiri giriş sözü ilə açan Gədəbəy Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Fazilə Məmmədova bildirdi ki, il ərzində rayonda müxtəlif tədbirlər keçirilib, sərgilər təşkil olunub, bölgənin turizm potensialı təbliğ edilib. Ölkəmizdə turizm sektorunun ildən-ilə inkişaf etdiyini deyən şöbə müdiri 27 sentyabr - Dünya Turizm Günündə açılan sərginin böyük maraqla qarşılandığını, bu sərgi əsasında Turizm Muzeyinin yaradıldığını diqqətə çatdırdı.
   Sonra söz Mədəniyyət evinin direktoru Etibar Əliyevə verildi. Siemens qardaşlarının Gədəbəydə fəaliyyətindən ətraflı bəhs edən tədqiqatçı bu tarixi əks etdirən muzeyin yaradılmasının əhəmiyyətini vurğuladı: “Siemens qardaşları Gədəbəydə 1864-1914-cü illərdə fəaliyyət göstəriblər. Tədqiqatlar göstərir ki, o dövrdə Gədəbəydə qış və yay turizmini özündə ehtiva edən istirahət, qış idman növləri, yay gəzintiləri və s. mövcud olub. Bu sərgi Siemens muzeyinin yaradılması istiqamətində önəmli bir addımdır. Düşünürəm ki, belə bir muzey yaradılarsa, turistlərin marağını cəlb edəcək”.
   Sonra Alman-Azərbaycan Cəmiyyətinin sədri Çingiz Abdullayevin sərgi-muzeyin təşəbbüskarlarına və iştirakçılara ünvanlandığı məktubu oxundu.
   
   Gədəbəy Turizm Muzeyi
   
   Gədəbəy Turizm Muzeyinin yaradılmasına hazırlıq sentyabrda başlanıb. Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə ərsəyə gələn muzey dörd guşədən ibarətdir. Təbiət abidələri, tarixi abidələr, turizm istirahət mərkəzləri və mətbuat guşələrində regionun turizm potensialını təbliğ edən maraqlı eksponatlar var. Hələlik rayon mədəniyyət evinin bir otağında yerləşən muzeydə 200-ə qədər fotoşəkil və sənədlər qorunub saxlanılır. Burada arxeoloji və memarlıq abidələri ilə zəngin olan Gədəbəyin qalaları, qalaçaları, kurqanlar, yaşayış yerləri, kilsələr, məbədlər, mağaralar haqqında ətraflı məlumatlar yer alıb. Muzeyə gələn ziyarətçilər Gədəbəyin turizm potensialı haqqında da ətraflı məlumat əldə edə bilərlər. Gələcəkdə muzeyin fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur.
   Rayonda memarlıq abidələri olan körpülər çoxdur. Muzeydə XIX əsrə aid edilən 10-dan artıq körpünün fotoşəkili və haqqında məlumatlar qeyd olunur. Muzeyin mətbuat guşəsində Gədəbəy rayonunun turizm potensialını təbliğ edən müxtəlif dillərdə çap məhsulları ilə tanış olmaq mümkündür. Turizm istirahət mərkəzləri guşəsində isə rayonun məşhur istirahət mərkəzləri, təklif olunan xidmətlər əks olunub.
   
   “Siemenslər Gədəbəydə”
   
   Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşəbbüsü ilə açılan “Siemenslər Gədəbəydə” adlı sərgi-muzey də iştirakçıların böyük marağına səbəb oldu. Rayon Mədəniyyət evinin foyesində təşkil olunan sərgi-muzeydə 200-dək sənəd, şəkil və s. nümayiş olunur.
   Sərginin ilk bölməsində Azərbaycan-Almaniya əlaqələrindən bəhs edən sənədlər, qəzet və jurnal materialları nümayiş edilir. 1865-ci ildə Gədəbəydə, 1883-cü ildə isə rayonun Qalakənd kəndində misəritmə zavodları tikilib. Sərgi-muzeyin ikinci bölməsində mədən-zavod kompleksinin fəaliyyəti, habelə, çuqun, dəmir, kərpic, taxta emalı mini zavodlarının istehsal nümunələri əks olunur. Burada Azərbaycanın rayonları sırasında Gədəbəydə Avropa tipli şəhərsalma mədəniyyətini sübut edən fotoşəkillər də yer alıb.
   Elektrokimya sənayesi üzrə mütəxəssis və fəlsəfə doktoru olan Valdemar Berk Siemens vaxtilə Gədəbəydə arxeoloji qazıntılar aparıb. Tapılan əşyaları Almaniyanın müxtəlif şəhərlərində muzeylərə təqdim edib. Bu barədə məlumatlar, həmçinin arxeoloji qazıntı aparılan ərazilərin fotoşəkilləri “Siemens dövründə aparılan arxeoloji qazıntılar” bölməsində nümayiş olunur.
   Sərgi-muzeyin maraqlı bölmələrindən biri də “Zavodun iş alətləri“ bölməsidir. Dəmir baş örtüyü, əleyhqaz avadanlığı, külüng, çəkic və digər eksponatlar iştirakçıların böyük marağına səbəb oldu.
   Siemens qardaşlarının Gədəbəydə fəaliyyəti dövründə təhsil, turizm, mədəniyyət və səhiyyə təyinatlı bir sıra ünvanlar mövcud olub. Təhsil istiqamətində rus-alman ibtidai məktəbi, yay və qış turizm marşrutları, mədəniyyət üzrə teatr salonu, rəqs meydançası, kitabxana, ambulator və stasionar xidmət göstərən xəstəxana və təcili yardım xidməti fəaliyyət göstərib. Sərgi-muzeyin daha bir bölməsi bu barədə müxtəlif dillərdə əks etdirən bilgiləri əks etdirir.
   “Siemenslər mətbuatda və kitablarda” bölməsində “Siemensı na Kavkaze”, “Həyatımızda Siemens izləri” və s. kitablar, Siemens qardaşlarının fəaliyyətindən bəhs edən nəşrlər yer alıb.
   
   * * *
   Bu gün “Siemens qardaşları” şirkətinin Gədəbəydə fəaliyyətini əks etdirən muzeyinin yaradılması üçün baza mövcuddur. Bunu Gədəbəy Rayon Mədəniyyət Evinin foyesində təşkil olunan sərgi bir daha göstərdi. Məxsusi bina olarsa, sərgi-muzey sırf muzey kimi də fəaliyyət göstərə bilər. “Siemens qardaşları” şirkətinin Gədəbəydə yerləşən ofisinin təmir olunduqdan sonra sərgi-muzeyin bazası və eləcə də əlavə yığılmaqda olan eksponatlar əsasında muzey binası kimi fəaliyyət göstərə biləcəyi təklif olunub. Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən Gədəbəylə Almaniyanın hər hansı bir şəhərinin qardaşlaşması məsələsi də təklif kimi irəli sürülüb.
   
   Ceyhun Zərbəliyev,
   Gədəbəy