Dekabrın 22-də Azərbaycan Turizm İnstitutunda Azərbaycan Turizm Assosiasiyasının nəzdində Ekskursiya Bələdçilərinin Mərkəzi Koordinasiya Şurasının təsis konfransı keçirilib.
   
   AZTA sədrinin müşaviri Müzəffər Ağakərimovun qəzetimizə verdiyi məlumata görə, tədbirdə təcrübəli bələdçilərlə yanaşı, gənc bələdçi-tərcüməçilərin də bu quruma daxil edilməsi qərara alınıb. Ekskursiya Bələdçilərinin Mərkəzi Koordinasiya Şurası onların Azərbaycanın tanınmış bələdçiləri ilə təmasını, Bakı və Abşeron yarımadası üzrə yeni marşrutların yaradılmasını təşkil edəcək, Milli Elmlər Akademiyasının müvafiq institutları ilə birlikdə ekskursiya marşrutları üzrə mətnlərin hazırlanmasına nəzarət edəcək. Yeni qurum həmçinin Nəqliyyat Nazirliyi ilə razılaşdırılmış şəkildə avtobusların dayanacaq yerlərinin müəyyənləşdirilməsinə nail olacaq.
   M.Ağakərimov bildirdi ki, sertifikat alan ekskursiya-bələdçilərinin sayı gündən-günə artır. Növbəti ildə onların sayının 100 nəfərə çatacağı gözlənilir. Artıq bələdçilərin bir qurumda birləşməsi və onların vahid mərkəzdən idarə olunmasına ehtiyac var.
   Konfransda Ekskursiya Bələdçilərinin Mərkəzi Koordinasiya Şurasının İdarə Heyəti də yaradılıb. 7 nəfər üzvü olan İdarə Heyətinə Azərbaycanın təcrübəli bələdçisi Balaş Maqsudov rəhbər seçilib. Qurumun ictimai qurum olaraq fəaliyyət göstərməsi nəzərdə tutulur.

   Fəxriyyə