26 avqust – 2 sentyabr tarixlərində 44-cü Moskva Beynəlxalq Kinofestivalı keçirilir. “Rossiya” kinoteatrında keçirilən açılış mərasimində çıxış edən RF mədəniyyət naziri Olqa Lyibimova Qərb ölkələrinin Rusiyaya qarşı apardığı “mədəni ləğvetmə” kampaniyasına rəğmən festivala gələn qonaqlara təşəkkürünü bildirib. Qeyd edib ki, əsl mədəniyyəti, o cümlədən kinonu ləğv etmək mümkün deyil.

Festivalın prezidenti, rejissor Nikita Mixalkov da bütün iştirakçılara, eləcə də beynəlxalq münsiflər heyətinin üzvlərinə minnətdarlıq edib.

Builki jüriyə  Rusiyanın Xalq artisti, Moskvadakı Millətlər Teatrının bədii rəhbəri Yevgeni Mironov sədrlik edir. Münsiflər heyətində həmçinin Cənubi Afrika Respublikasından prodüser Tandi Devids, İrandan rejissor Rəsul Sadrameli, rusiyalı kinorejissor Andrey Kravçuk və Türkiyə-Rusiya sənətçisi kimi təqdim olunan kinooperator Hayk Kirakosyan (2000-ci ildən İstanbulda yaşayır, Türkiyə Kinooperatorlar Gildiyası idarə heyətinin üzvüdür) yer alıblar.

Müsabiqə və müsabiqədənkənar proqrama ümumilikdə 200-dən çox film daxil edilsə də, Moskva kinofestivalı tarixinin ən kasad dövrünü yaşayır.  Ukraynadakı müharibə ilə bağlı Rusiya ilə mədəni əlaqələri də kəsən Qərb ölkələri festivala qatılmayıb. Festivalda Avropadan yalnız Rumıniya və Serbiya kinosu təmsil olunur. Bundan əlavə, Latın Amerikası və Cənubi Koreya kinosu (məşhur rejissor Pak Çxan Ukun “Çıxıb getmək qərarı” filmi festivalın bağlanışını edəcək) nümayiş olunur. Əsas müsabiqə proqramında 3-ü Rusiya filmi olmaqla 13 ekran əsəri yer alıb.

Xatırladaq ki, 21-28 aprel tarixində keçirilməsi nəzərdə tutulan 44-cü Moskva Beynəlxalq Kinofestivalı daha sonra ilin ikinci yarısına təxirə salınmışdı. Məlumatda qeyd olunurdu ki, müxtəlif ölkələrdən kino xadimləri mövcud vəziyyətdə Moskvaya gələ bilməyəcəklərini bildiriblər.

1972-ci ildə Beynəlxalq Kinoprodüserlər Assosiasiyaları Federasiyası (FIAPF) tərəfindən “A” kateqoriyalı status (akkreditasiya) alan Moskva Beynəlxalq Kinofestivalı 2017-ci ilədək ənənəvi olaraq iyun ayında, 2018-ci ildən isə aprel ayında keçirilir. 2020-ci ildə pandemiya səbəbindən vaxtı oktyabr ayına dəyişdirilmişdi. Festivalın baş mükafatı qızıl “Müqəddəs Georgi” heykəlciyidir.

V.Kamal