Mədəniyyət və turizm naziri Dubayın “Atlantis Holidays” şirkətinin rəhbəri ilə görüşüb
   
   Dekabrın 22-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Dubay Əmirliyinin “Atlantis Holidays” şirkətinin rəhbəri Rəşid Əl Nuri ilə görüşüb.
   
   Görüşdə Azərbaycanın turizm potensialının Ərəb körfəzi ölkələrində təbliği müzakirə mövzusu olub. Həmçinin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sifariş edilən bələdçi kitablarının ərəbdilli ölkələrdə yayılmasına dair danışıqlar aparılıb. Körfəz ölkələrindən Azərbaycana turist axınının artırılması imkanları da müzakirə edilib. Həmçinin respublikamızın körfəz ölkələrində keçirilən beynəlxalq turizm sərgilərində daha geniş təmsil edilməsinə dair razılıq əldə edilib.
   Həmin gün Rəşid Əl Nuri mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovla da görüşüb.
   Məlumat üçün bildirək ki, 2012-ci ilin yanvarında Mədəniyyət və Turizm Nazirliyi və “Atlantis Holidays” şirkəti arasında fəaliyyət planının hazırlanması və imzalanması, fevralda isə həmin fəaliyyət planının geniş təqdimatının keçirilməsi nəzərdə tutulub.
   Bu əməkdaşlıq barədə razılıq 2011-ci il aprelin 28-də Bakıda keçirilən X Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər («AITF-2011») sərgisində əldə olunub, Ərəb körfəzi ölkələrində Azərbaycanın turizm potensialını təbliğ etmək və turizm bazarında əlaqələrin istiqamətləndirilməsi məqsədilə müqavilə imzalanıb.

  Fəxriyyə Abdullayeva