Qonaqlara 100-150 bələdçi xidmət göstərəcək
   
   Gələn ilin mayında Bakıda keçiriləcək "Eurovision" mahnı müsabiqəsi ilə bağlı gündəmdə olan məsələlərdən biri də tədbirə gələcək qonaqlara turizm-bələdçi xidmətinin göstərilməsi ilə bağlıdır.
   
   Azərbaycan Turizm İnstitutunun nəzdində təşkil olunmuş kurslarda bələdçilər hazırlansa da, bəzi mütəxəssislər yarışmanın keçirildiyi vaxta qədər lazım olan sayda personalın olmayacağını bildirirlər.
   Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Turizm İnstitutunun prorektoru Eldar Aslanov qeyd etdi ki, "Eurovision" mahnı müsabiqəsinə gələcək qonaqlara yalnız sertifikat almış bələdçilər xidmət göstərə biləcək. Müsabiqə ilə bağlı Bakıya 30-40 min nəfər xarici qonaq gələrsə, onlara xidmət göstərmək üçün 100-150 bələdçi kifayət edəcək: «Gələn turistlər "Eurovision" müsabiqəsindən qabaq və sonra Azərbaycanın regionlarına səfər etsələr, bu halda yerli bələdçilər onlara xidmət göstərməli olacaqlar».
   Turizm İnstitutunda Bakı, onun ətraf əraziləri, Abşeronda təşkil olunacaq infoturlar üçün bələdçilərin hazırlandığını deyən prorektor bildirdi ki, həmin dövrdə turist qrupları yığıldıqca onlar üçün Qobustan, Qala, Atəşgah və digər gəzməli yerlərə turlar təşkil olunacaq.
   Qeyd edək ki, Azərbaycanda bələdçi əməyinin sertifikatlaşdırılmasına bu ildən başlanılıb. Sertifikat almaq üçün hər bir bələdçinin Azərbaycan Turizm İnstitutunda təşkil olunan bələdçi kurslarında iştirak etməsi və akkreditasiyadan keçməsi vacibdir. Bələdçilər akkreditasiyadan keçmək üçün müvafiq sənədlər təqdim etməli, daha sonra bələdçilik edəcəkləri dil üzrə imtahan verməlidirlər. Bununla bağlı yaradılmış müvafiq komissiya bələdçilərin Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti, memarlığı və digər sahələrdə biliklərini yoxlayır.
   Bu tələblərə cavab verən bələdçilərə sertifikat verilir və onlar 5 il ərzində bələdçilik fəaliyyəti göstərmək hüququ əldə edirlər. Bu günlərdə isə Azərbaycan Turizm Assosiasiyasının nəzdində Ekskursiya Bələdçilərinin Mərkəzi Koordinasiya Şurası yaradılıb. Qurum gənc bələdçilərin Azərbaycanın tanınmış bələdçiləri ilə təmasını, Bakı və Abşeron yarımadası üzrə yeni marşrutların yaradılması işini təşkil edəcək, ekskursiya marşrutlarını təkmilləşdirəcək, Milli Elmlər Akademiyasının müvafiq institutları ilə birlikdə ekskursiya marşrutları üzrə mətnlərin hazırlanmasına nəzarət edəcək.

   Fəxriyyə Abdullayeva